Şrift:
Azərbaycan Qaçqınlar Cəmiyyəti qərbi azərbaycanlılara müraciət etdi
03.12.2012 [11:58] - Gündəm, Sosial, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycandan olan qaçqınlara müraciət edib.Müraciətdə deyilir: “Əziz qaçqınlar! Azərbaycanlıların 1988-ci il soyqırımı – soydaşlarımızın Qərbi Azərbaycandan qətl və qarətlərlə qovulub çıxarılması milli tariximizin ən faciəli səhifələrindəndir. Lakin 24 il keçməsinə baxmayaraq Azər­baycanda bu ümummilli faciənin ayrı-ayrı de­talları hələ də lazımi səviyyədə öy­rənilməyib. Nəinki dünya, hətta Azərbaycan ictimaiyyəti də bu tarixi faciə barədə kifayət qədər məlumatlı deyil.

Azərbaycanda heç kəs dəqiq bilmir ki, 1988-ci ildə Qərbi Azər­bay­canda neçə yaşayış məntəqəsindən soydaşlarımız qovulub və bu yaşayış məntəqələri hansılardır. Həmin vaxt Qərbi Azərbaycandan neçə nəfər soydaşımızın qovulduğu, bu zaman neçəsinin qətlə yetirildiyi, neçəsinin dö­yül­düyü, şikəst edildiyi, neçə azərbaycanlı evinin yandırıldığı, talan edildiyi barədə də dəqiq statistika aparılmayıb. Soy­daşlarımıza məxsus fərdi və ictimai təsərrüfatlarda nə qədər əmlakın qəsb edildiyi də heç kəsi maraqlandırmır. Həmin faciə nə­ticəsində Qərbi Azərbaycanda neçə tarixi abidəmizin, pir, ocaq və məscidimizin düş­mən işğalı altında qaldığı, onların işğal­dan sonrakı taleyi haqqında da məlumatsızıq.

Son zamanlar aldığımız məlumatlara görə, 1998-ci ildə Ermənistanın bütün dövlət strukturlarında (məktəb, kənd, rayon, şəhər) azərbaycanlılara aid sənəd­lər məhv edilib. Başqa sözlə, ermənilər Qərbi Azərbaycan ərazisindəki tarixi izlərimizi silməyə çalışır.

Əziz qaçqınlar! Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bu vəziyyəti dözül­məz hesab edir, hamınızı Qərbi Azərbaycandakı tarixi izlərimizi bərpa etmək uğrunda səfərbər olmağa çağırırıq. Bunun üçün ilk addım olaraq qaçqınlarımızın 1988-ci il statistikasını aparmağı vacib hesab edirik. Bu, gələcək addımlarımız – qaçqınların statusunun geri qaytarılması, kommunal güzəştlərin bərpa olunması, Ermənistanda qalan əmlaklarımızın təzmi­natının tələb edilməsi məsələləri üçün son dərəcə vacibdir. Bu məsələlərlə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Qaçqınlar Cəmiy­yətinə üz tutmağınızı xahiş edirik. Əlaqə telefonu: 050-337-37-03”.
Bu xəbər oxucular tərəfindən 1317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed