Şrift:
Gürcüstandakı soydaşlarımıza güzəşt olmalıdır
03.12.2012 [13:40] - Gündəm, Borçalı
Ölkə ictimaiyyəti, ziyalılar və siyasilər ümid edirlər ki, problem həllini tapacaq
Gürcüstandakı soydaşlarımızın statusu xarici ölkə vətəndaşlarının statusu kimi götürülməməlidir


Gürcüstan azərbaycanlılarının Azərbaycanda müvəqqəti qalma müddətinin azaldılması ciddi problemlərin yaranmasına səbəb olub. Soydaşlarımızla bağlı sözügedən problem Dövlət Miqrasiya Xidmətində də müzakirə olunub.

Toplantıda Milli Məclisin üzvü, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və bir qrup soydaşımız da iştirak ediblər. Deputat bildirib ki, Gürcüstan azərbaycanlıları dəfələrlə ona müraciətlər ünvanlayıb: "Məsələni bir necə dəfə qaldırmışam. Dəfələrlə soydaşlarımızla görüşüb məsələni müzakirə edirik və müxtəlif instansiyalara müraciətlər göndəririk. Dövlət Miqrasiya Xidmətinin rəsmiləri ilə müzakirə apardıq. Mən onların diqqətinə çatdırdım ki, bu məsələdə soydaşlarımıza kömək etməliyik, dəstək göstərməliyik. Qüvvədə olan qanun var və onun müddəaları həyata keçirilir. Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun, onların Azərbaycanda qalma müddətinə müəyyən qədər güzəşt, yumşalma tətbiq edilsin. Mən də xahiş etmişəm ki, Gürcüstanda yaşayan soydaşlarımıza nə qədər mümkündür kömək edək. Ümid edirəm ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq". Qeyd edək ki, Azərbaycan qanunvericiliyi xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində bir ay qalmasına imkan verir. İndiyədək Gürcüstanda yaşayan azərbaycanlılara güzəştlər edilib və onların ölkə ərazisində 90 gün qalmasına icazə verilib. Son günlər isə hansısa səbəblərdən güzəşt ləğv olunaraq qanunun müddəaları olduğu kimi tətbiq edilməyə başlanıb. Amma yeni qaydanın tətbiqi Azərbaycan-Gürcüstan sərhəddində ciddi problemlərin yaranması ilə nəticələnib. Hər cəhətdən Azərbaycana bağlı olan minlərlə soydaşımız bir aylıq məhdudiyyətdən və cərimələrdən dolayı çətinliklərlə üzləşirlər. Azərbaycanda müvəqqəti yaşamaq müddətinin üç aydan bir aya endirilməsindən xəbəri olmayan Gürcüstan vətəndaşları sərhəddə cərimə olunur və cəriməni ödəmək üçün Bakıya qaytarılırlar. Onsuz da qonşu ölkədə yaşayan insanlarımızın durumları ürəkaçan deyil. Yeni problemlər yaradaraq, yeganə ümid yerləri olan doğma vətənlərindən soydaşlarımızı "didərgin" salmaq cəmiyyət nümayəndələrinin etirazlarına səbəb olub.

Millət vəkili Fərəc Quliyev hesab edir ki, soydaşlarımızın statusu xarici ölkə vətəndaşlarının statusu ilə eyni götürülməməlidir: "Sözügedən məsələylə bağlı biz mətbuat konfransı keçirdik. Soydaşlarımızın üzləşdiyi problem mətbuatda, televiziyada geniş şəkildə işıqlandırıldı. Biz mövqeyimizi açıq şəkildə ortaya qoyduq. Yenə də mövqeyimizin üzərində dayanırıq. Gürcüstandakı soydaşlarımızın statusu xarici ölkə vətəndaşlarının statusu kimi götürülməməlidir. Axı onlar bizim insanlarımızdır. Əgər onlar üçün müəyyən imtiyazlar nəzərdə tutulmursa, onda heç olmasa belə məsələlərdə onlara güzəşt edilməlidir. Güman edirəm ki, artıq Gürcüstanda baş verən hadisələr siyasi çalar alıb. Rusiya və onlara bağlı olan qüvvələr soydaşlarımızdan istifadə etmək istəyirlər. Həm orada yaşayan soydaşlarımızdan, həm də onların burada olan qohum-əqrəbalarından istifadə edərək dövlətimizdən, hökumətimizdən narazı salmağa çalışırlar. Belə pis niyyətdə olan dövlətlərə, qurumlara fürsət vermək olmaz. Hesab edirəm ki, hələlik qanuna dəyişiklik olmadığı halda belə soydaşlarımızı sərhəd məntəqələrində saxlamamalıdırlar. Cərimələr olmamalıdır. Amma bundan sonrakı müddətdə nəinki üç ay, daha böyük vaxtda oradan gələn soydaşlarımızın Azərbaycanda qalması leqallaşdırılmalıdır. Bir ay çox kiçik müddətdir".

Millət vəkili deyir ki, Gürcüstanda yaşayan soydaşlarımıza ikili vətəndaşlıq verilməsi məsələsinə baxılsın: "Onsuz da qonşu respublikanın konstitusiyasının 8-ci maddəsində bu öz əksini tapıb. Azərbaycan dövləti nəinki özündən asılı olan məsələləri həll etməlidir, eyni zamanda Gürcüstana da müəyyən təzyiqlər edilməlidir ki, onlara bir sıra imtiyazlar verilsin. Fikrimcə, problem qanunla həllinə qovuşacağı günə kimi soydaşlarımıza çox yumşaq münasibət göstərilməlidir. Parlamentdə də sözügedən məsələni qaldıracam ki, ən azından onlara uzun müddət ölkəmizdə qalmağa şərait yaradılsın. Əslində mövcud güzəşti ləğv edənlərə sual vermək lazımdır ki, onlar hansı məqsədlə bunu ediblər. Burada heç bir məntiq görmürəm. Güzəştin ləğvi heç bir təhlükəsizlik məsələləri ilə əlaqələndirilə bilməz".

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin fikrincə, ümumiyyətlə, vətəndən kənarda yaşayan soydaşlarımızla bağlı xüsusi qərarlar qəbul etmək lazımdır: "Tək soydaşlarımızla bağlı deyil, ümumiyyətlə, Gürcüstanla münasibətlərimizi üstün tutaraq, qanunvericilikdə belə bir güzəştin yer tapmasına ehtiyac var. Yüz minlərlə insanımız xaricdə, vətəndən kənarda yaşayır. Ümumiyyətlə yaxşı olar ki, xaricdə yaşayan soydaşlarımızla bağlı müvafiq qanunda xüsusi qərarlar qəbul olunsun və bu qanunlar xaricdə yaşayan bütün azərbaycanlılara şamil olunsun. Eyni zamanda 90 gün müddəti də yenidən bərpa edilsin. Yalnız o zaman bu cür problemlər öz həllini tapa bilər. Söhbət ondan gedir ki, qanunvericiliyi ümumi sistemli şəkilə salarkən, yəni gəliş-gedişlə, miqrasiya məsələləri ilə bağlı, sözügedən məsələ kənarda qalıb".

"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı deyir ki, müstəsna hal kimi Gürcüstanda yaşayan soydaşlarımızla bağlı güzəştlər qüvvədə qalsın: "Bizə qonşu olan digər dövlətlərdə, ümumiyyətlə, dünya ölkələrində yaşayan azərbaycanlıların problemi dövlətimizin diqqətində olur və bu istiqamətdə lazımi addımlar atır. Amma konkret olaraq Gürcüstanda yaşayan soydaşlarımızla bağlı məsələyə gəldikdə, aydın məsələdir ki, oradakı insanlarımızın dolanışıqlarını təmin etmək üçün ölkəmizlə sıx əlaqələrimiz var. Onların böyük əksəriyyəti tikinti şirkətlərimizdə, bazarlarda çalışırlar və evlərinə çörəkpulu aparırlar. O insanların həyatını daha da yüngülləşdirmək üçün, şübhəsiz ki, onlara üç aylıq möhlətin verilməsi müsbət hal idi. İndiki halda müddətin azaldılması təbii ki, onlar üçün ciddi problemlər yaradır. Sırf bu problemlər onlara həm maddi baxımdan, həm də digər məsələlərdə çətinliklər törədir. Əlbəttə, biz çox istərdik ki, dövlətimiz müstəsna hal kimi Gürcüstanda, Borçalıda yaşayan soydaşlarımız üçün əvvəlki güzəşti qüvvədə saxlasın. Mən millət vəkillərinin çalışmalarını da çox yüksək qiymətləndirirəm. Bildiyim qədər Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Q.Paşayeva da bu istiqamətdə ciddi səy göstərir. Güman edirəm ki, bu yöndə aparılan çalışmalar, cəhdlər öz müsbət nəticəsini verəcək və soydaşlarımız üçün mümkün olan yardımlar, güzəştlər ediləcək. Hər halda mümkün variantlardan biri də soydaşlarımıza ikili vətəndaşlığın verilməsidir. Yəqin ki, bu məsələni də həll etmək üçün müəyyən zaman lazımdır. Təbii ki, belə olsa, çox yaxşı olardı. Bunun olması üçün də hər şeyi etmək lazımdır. Amma tez başa gələn olduğu üçün düşünürəm ki, ən azı üç aylıq müddəti bərpa etmək ilk növbədə daha məqsədəuyğun olardı".

BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov isə soydaşlarımızla bağlı ümumiyyətlə hər hansı vaxt məhdudiyyətinin qoyulmasını istəmir: "Nə güzəşt? Heç mən 90 günün özünü güzəşt hesab etmirəm. Üç aylıq məhdudiyyətin özü də düzgün deyil. H.Əliyevin bir kəlamı var idi, deyirdi ki, "Azərbaycan bütün azərbaycanlıların vətənidir". Heç adama da öz vətənində məhdudiyyət qoyula bilərmi? Hər halda soydaşlarımıza verilən şəxsiyyət vəsiqələrində onların milliyyəti də yazılır. Orada azərbaycanlı olduğu qeyd olunur. Sərhəddə onlara münasibət daxildə yaşayan vətəndaşlarımıza olduğu kimi olmalıdır. Əgər ölkə rəhbəri bütün dünyada yaşayan azərbaycanlıların rəhbəridirsə və bu gün yer üzündə 60 milyon azərbaycanlı varsa, onda bu o deməkdir ki, hazırkı dövlətimiz bütün soydaşlarımızın sığınacaq yeridir. Xüsusilə də keçmiş MDB məkanında olan respublikalar içində saylarına görə ən çox azərbaycanlılar Gürcüstanda yaşayır. Torpaqlarımızın tutulması və xalqımızın ayrı düşməsi, bölünməsi, o artıq tarixi məsələlərdir. Onun bura dəxli yoxdur. İndi belə çıxır ki, biz onlara vətəndaşlıq verməklə Borçalını boşaltmaq istəyirik. Belə olmaz. Əksinə, çalışmalıyıq ki, onlar Borçalıda qalsınlar və heç vaxt oranı tərk etməsinlər.

Onların cərimələnməsi qətiyyən düzgün deyil. Azərbaycanlıların öz vətənlərində cərimələnməsi çox gülünc bir şeydir. Ölkə vətəndaşı olan ruslara daxildə necə münasibət göstərilirsə, eynilə Gürcüstanda yaşayan soydaşlarımıza da eyni cür davranmalıdır. Bu, ayrı-seçkilikdir. Biz hansı böyük Azərbaycandan danışırıq?"
İsmayıl
Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed