Şrift:
“20 ildir ki, danışıqlar gedir və heç bir nəticə əldə olunmur” (MÜRACİƏT)
03.12.2012 [15:28] - Xəbərlər, Sosial
Davam.Az tanınmış jurnalist Etibar Məmmədovun Xocavənd rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynova etdiyi müraciəti təqdim edir:

Hörmətli Eyvaz müəllim!

20 ildir ki, millətimiz Qarabağsız yaşayır. 20 ildir ki, danışıqlar gedir və heç bir nəticə əldə olunmur. 20 ildir ki, Ermənistan Qarabağın ermənilərə məxsus olduğunu dünyaya göstərmək üçün süni məskunlaşdırma siyasəti yürüdür. Qarabağdan xəbəri olmayan ermənilər azərbaycanlıların əzəli torpaqlarına köçürülür və bununla da işğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin sayı süni şəkildə artırılır. Millətimizə məxsus Qarabağ torpaqlarında erməni diasporunun pulları hesabına mədəni abidələrimiz erməniləşdirilir, millətimizə məxsus təbii sərvətlər talan edilir, şəhərlər yer üzündən silinir. Qarabağda ermənilərin sayı artdıqca Qarabağın məhv edilməsi, o torpağın üstündə və altındakı tarixi sərvətlərimizin erməniləşdirilməsi ehtimalı günü-gündən artır.

Hörmətli Eyvaz müəllim!

Əgər ermənilər süni məskunlaşdırma yolu ilə Qarabağın guya onlara məxsus olduğunu göstərmək istəyirlərsə, o zaman mənim, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Qarabağda tam təbii yolla məskunlaşmağa hüququm vardır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bu hüququmdan istifadə edərək Sizdən xahiş edirəm ki, mənim Xocavənd rayonuna daimi qeydiyyata götürülməyimə icazə verəsiniz və bununla bağlı bütün lazımi göstərişləri verəsiniz. Bundan başqa Sizdən xahiş edirəm ki, Xocavənd rayon hərbi səfərbərlik komissarlığında mənim adım qeydiyyata götürülsün. Xahiş edirəm ki, Qarabağın azad olunması uğrunda müharibə başlayan zaman və səfərbərlik elan olunarkən komissarlıq ilk növbədə məni ordu sıralarına çağırsın.

Hörmətli Eyvaz müəllim!

Bu addımı ataraq qəti şəkildə əmin edirəm ki, özümü reklam etmək məqsədi güdmür, Xocavənd rayonunun vətəndaşı adını qazanmaqla əvəzində heç bir imtiyaz tələb etmir və istəmirəm. Bu addımı atmaqla özümü nümunə kimi göstərmək məqsədim də yoxdur. Lakin hesab edirəm ki, bu torpaqda yaşayan, bu torpağın sərvətlərindən yararlanan, bu torpağın havasını udan, ulu babaları bu torpaqda yatan hər bir kəs düşmənə qarşı real addım atmalıdır. Bu, mənim atdığım addımdır. Kimsə başqa addım ata bilər, kimsə bu addımı təkrarlaya bilər. Əsas odur ki, biz hərəkətsiz dayanmamalı və düşməni artıq öz yerini göstərməliyik. Mən sadəcə düşünürəm ki, Xocavənd rayonunun vətəndaşı olmaqla Qarabağın, Qarabağın vətəndaşı olmaqla Azərbaycanın vətən daşı oluram.

Dərin Hörmətlə,
Etibar Məmmədov
Bakı,
2 dekabr 2012-ci il
Bu xəbər oxucular tərəfindən 1274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed