Şrift:
Tatarıstanda Beynəlxalq Balet Festivalı Fikrət Əmirovun "1001 gecə" əsəri ilə açılıb
17.05.2021 [10:42] - Gündəm, Mədəniyyət
Tatarıstan Dövlət Opera Teatrında dünyada nüfuzlu balet lahiyələrindən sayılan Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalının açılışı olub. Festival Mariinski Teatrının Primorski filialının balet truppasının ifasında Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" əsəri ilə açılıb.

Baletin iki günlük təqdimatında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Kazan Opera Teatrının simfonik orkestri və xoru da iştirak edib. Azərbaycan milli zərb alətləri və tar (Ramin Əzimov və Nadejda Medvedevanın ifasında) orkestrdə yer alıb. Vokal partiyasını isə Mariinski Teatrının solisti, soprano Anastasiya Kikot ifa edib.

Tatarıstan Respublikasının Prezidentinin bilavasitə dəstəyi ilə keçirilən Rudolf Nureyev festivalında dünya klassik baletinin ən məşhur nümunələri təqdim olunacaq. Bunların sırasında P.Çaykovskinin "Yatmış gözəl" (18-19 may), "Sonalar gölü" (20 may), "Qızıl orda" (22 may), Minkusun "Korsar" (24 may) və "Bayaderka" baletlərinə göstərilən marağa baxmayaraq Fikrət Əmirovun "1001 gecə" əsəri yerli dinləyicilərinin xüsusi marağına səbəb olub. Baletin hər iki tamaşası tam anşlaqla keçib, hətta dinləyicilərin xüsusi marağını nəzərə alaraq teatr zalına əlavə oturacaqlar istifadəyə verilib. Hər tamaşanın sonunda tamaşaçılar ifaçıları ayaqüstə alqışlarla qarşılayıb. "1001 gecə" baletində əsas rolları Sergey Umanets və Kanat Nadırbek (Şəhriyar), Anna Samostrelova və İrina Sapojnikova (Şəhrizad), Liliya Berejnova və Katerina Floriya (Nuridə) və Mariinski Teatrının Primorski Filialının aparıcı solistləri ifa ediblər.

Azərbaycan Dövlət Opera Teatrının baş dirijoru Əyyub Quliyev ilə Kazan Dövlət Opera Teatrının direktoru Rufal Muxamedzyanov arasında keçirilən görüşdə Azərbaycan baletinin ən parlaq nümunələrindən olan "1001 gecə"nin iki teatrlar arasında əlaqələrin inkişafında xüsusi yer alacağı qeyd edilib. Mariinski Teatr kimi nüfuzlu sənət ocağının bu layihədə iştirakı isə əsərin ifa tarixində əlamətdar iz qoyub.

Qeyd etmək lazımdır ki, Nureyev Beynəlxalq Balet Festivalı Tatarıstan paytaxtında iyunun 2-dək davam edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed