Şrift:
İrandakı erməni sevdalıların məkrli açıqlamaları - dövlət siyasəti, yoxsa...
20.05.2021 [16:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
ran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnurinin Azərbaycanla bağlı anormal fikirlərinin ardından yaranan gərginlik səngimir. Deputatın Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi hiddət doğurub.

Öncəliklə “İranın Azərbaycana qarşı tutduğu qeyri-sağlam qonşuluq münasibətinin, Ermənistana açıq dəstəyinin qarşısını almaq üçün nə etməliyik” sualı yaranıb. Bununla bağlı əsas təkliflərdən biri budur ki, Vahid Azərbaycan ideyası gücləndirilməlidir. Eyni zamanda İranın Azərbaycanın cənubunu işğal etməsi ilə bağlı petisiya kampaniyası başladılmasının vacibliyi də vurğulanır. Beynəlxalq aləmə, xarici mediaya bu haqda çıxışların, yazıların ötürülməsi təklifləri də səslənir. Bunu isə QHT və digər ictimai institutlar vasitəsilə etməyin mümkünlüyündən söz açılır.

Burada vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyi (BAB) də gündəmə gətirilir. Hazırda bu təşkilatın fəaliyyətinin nə yerdə olduğu tam məlum olmasa da, təşkilatın aktiv fəaliyyətinin bərpasının önəmli tərəflərinə toxunulur.

Fərəc Quliyev: “Canfəşanlıq edən deputat İran adından danışır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bütöv Azərbaycanın qurulacağına tam inanır:

“Bizim millətin böyük hissəsi orada əsarət altındadır və onlara biganə qalmaq olmaz. Bir millətin yarımçıq milli azadlıq hərəkatı ola bilməz. Biz nəticəni Quzeydə qazandıq. İndi mütəmadi olaraq Güneyə dəstək verməliyik. Enində-sonunda Bütöv Azərbaycan qurulacaq. Vaxtilə SSRİ-nin dağılacağını deyirdik, bunu utopiya kimi qəbul edirdilər. İndi belə açıqlamalara anında reaksiya verilməlidir. Hakimiyyət tərəfindən rəsmi açıqlama olmasa da, ən azından parlamentdə müvafiq komissiya tərəfindən reaksiya olmalıdır. Ölkə ictimaiyyətinin də təpkisi önəmlidir. Canfəşanlıq edən deputat İran adından danışır. Mütəmadi olaraq, bu mövqedə İranda olan kəsim tərəfindən belə açıqlamalara rast gəlmişik. Ardıcıl şəkildə belə mövqelərə rast gəlməyimiz həm də onu göstərir ki, bir xətt yürüdülür. Bu, təsadüfən bir adamın ortaya qoyduğu mövqe deyil. Müharibə zamanı ermənilərə mütəmadi dəstək verilməsi, ermənilərə tonlarla silahın İran üzərindən çatdırılması bu ölkənin mahiyyətindən xəbər verir. Rəsmi Tehran 30 il müddətində sərhədlər məsələsinə niyə toxunmurdu? Niyə demirdilər ki, bizim sərhəddə yerləşən bir dövlətin əraziləri işğal olunub? Dünyanın hər yerində millətçilikdən, müsəlman təəssübkeşliyindən danışırlar, amma gözlərinin önündə ərazilərimiz işğal edildi, insanlarımız həyatlarını itirdilər, vəhşiliklərə məruz qaldılar. İndi düşmən üzərində qalib gəlmişik, kapitulyasiya sənədinə qol çəkməyə məcbur etmişik, cənub qonşumuz artıq hərəkətə keçmək istəyir. Çünki Azərbaycanı zəiflətmək üçün Ermənistandan daim maşa kimi istifadə ediblər.

Düşünürlər ki, Azərbaycan bu qədər gücləndikcə, ərazisində yaşayan azərbaycanlılar bundan motivasiya alırlar. Düşünürəm ki, İranın dost ölkə olduğunu biz dedikcə, onların ayaqları yer alır. Hələ mən 2010-cu ildə demişdim ki, Türkmənçay müqaviləsi qüvvədən düşüb. Biz artıq Güneydəki soydaşlarımızın İranın tədbirlərinə əməl etməmələri üçün tədbirlər görməliyik. Türkmənçay müqaviləsini qaldırmaqla Ermənistana qarşı bundan bir baza kimi də istifadə edə bilərik. Çünki bu müqavilədən sonra İrəvan imperiyanın tərkibinə verilib. Dövlət səviyyəsində protokol qaydaları gözlənilməklə Cənubi Azərbaycana tam dəstək verməliyik. İctimaiyyət, siyasi qurumlar bu məsələdə qollarını çırmalayıb işə başlamalıdırlar. Biz bu gün İran tərəfindən səsləndirilən hər bir bəyanata, atılan addımlara sərt təpki göstərməyi, cavab verməyi bacarmalıyıq. Bir az biz tərəfdə problem yaranan kimi problemin üstünə problem qoymağa çalışırlar. Daim Bütöv Azərbaycan hədəfini gündəmdə saxlamalıyıq ki, İran öz yerini bilsin. Eyni zamanda bu hədəfi gerçəkləşdirmək üçün bir addım da fəaliyyətimizi zəiflətməməliyik”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed