Şrift:
İranda jurnalistlər prezidentliyə namizəd İbrahim Rəisiyə yaxın qurum tərəfindən təhdid edilir
21.05.2021 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə bir sıra jurnalistlər və media fəalları məlumat yayıb.


Məlumatda deyilir ki, son günlər Mədəniyyət və Media Məhkəməsinin sədrindən və “Sepah”ın ETTELAAT idarəsindən media sahəsində çalışan və sosial şəbəkələrdə fəal olan jurnalistlərə təhdid dolu zənglər gəlir.


“Telefon zənglərində jurnalistlərə və media nümayəndələrinə açıq-aşkar deyilir ki, qarşıdan gələn prezident seçkilərindən yazarlən İran Məhkəmə Sisteminin rəisi və prezidentliyə namizəd İbrahim Rəisi tənqid olunmamalı, əleyhinə və onun keçmiş fəaliyyətləri barədə tənqidi yazılar yayılmamalıdır, əks təqdirdə ona qarşı tənqidi və etiraz xarakterli yazılar dərc edənlərə problem yaranacaq, barələrində tədbir görüləcək.


Məlumatda bildirilir ki, İbrahim Rəisi prezidentliyə namizədliyini irəli sürməsinə baxmayaraq, indiki postundan, yəni Məhkəmə Sisteminin rəisi postundan nəinki isefa verməyib, hətta bu qurumu özünün seçki qərargahının bir hissəsinə çevirərək, dolayı yolla müxaliflərinə, xüsusən də jurnalistlərə və media fəallarına təzyiqini davam etdirir”, -deyə jurnalistlər və media fəallarının yaydığı məlumatda qeyd edilir.


İran Məhkəmə Sisteminin rəisi, vaxtilə ölkə həbsxanalarında saxlanılan siyasi məhbusların gizli və kütləvi şəkildə edamına hökm verən məşhur “Ölüm heyəti”nin başçısı və ölkə əhalisi arasında “Ayətullah Edam” və “Ayətullah Qətliam” ləqəbləri ilə tanınan axund İbrahim rəisi prezidentliyə namizədliyini irəli sürmüş əsas namizədlərdən biri sayılır.


Rəisi, həm də İranın “dini lider”i Əli Xamneyinin və hakimiyyətdəki radikal mühafizəkarlar cərəyanının prezidentliyə əsas namizədlərindən biri kimi tanınır.

عدم استعفای ابراهیم رئیسی از ریاست قوه قضائیه این گمانه را تقویت کرده که او در حال استفاده از دستگاه قضایی برای برخورد با مخالفان انتخاباتی خود است.

Xatırladaq ki, İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin ilk canişini, ayətullah Hüseynəli Müntəzirinin oğlu, Əhməd Müntəziri, 2016-cı il, avqustun 12-də atasının 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamına etiraz bildirən səs yazısını yayıb.


Yayılan 40 dəqiqəlik səs yazısında Hüseynəli Müntəziri “Ölüm heyəti”nin başçısı İbrahim Rəisi və onun digər gənc üzvləri ilə üz-üzə söhbətdə onlara törətdikləri səssiz cinayətə görə kəskin etirazını bildirib. O, deyib: “İran İslam Respublikasında baş vermiş ən böyük cinayət, sizin əllərinizlə həyata keçirilmiş bu edamlardır. Bilin ki, bu edamlara görə tarix bizi məhkum edəcək və gələcəkdə tarix sizi cinayətkar kimi xatırlayacaq”.


Qeyd edək ki, 1988-ci ildə İran-İraq arasındakı 8 illik savaşa son qoyulması məqsədilə BMT-nin 598 saylı qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub kimi çıxan rəsmi Tehran, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığılmaz cinayət planını həyata keçirib.


Belə ki, o vaxtkı “dini lider” ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə 4 nəfərin, yəni şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə “Ölüm heyəti” deyilən bir qurum yaradılıb və heyətə ölkə zindanlarında saxlanılan və hələ də öz siyasi əqidə və mövqeyinə israr edən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.


Bunun ardınca ölkə həbsxanalarının qapıları 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. 2-3 dəqiqə sürən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinin üstündə durub-durmaması müəyyən edilib. Nəticədə tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində gülləbaran edilib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed