Şrift:
Özbəkistanın Namanqan şəhərində 60-cı beynəlxalq gül festivalı keçirilir
25.05.2021 [10:36] - Xəbərlər, Sosial
Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir.

Bu şəhərdə 1961-ci ildən keçirilən gül bayramı hər il şəhər sakinlərini və qonaqları özünə cəlb edir.

Yubiley bayramında Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak ediblər.

Gül festivalı güllərlə bəzədilən 150-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərinin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Maşınların bəzədilməsinə 11 milyon ədəd müxtəlif gül işlədilib. Maşınların paradını şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.

Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov şəhər sakinlərini və qonaqları salamlayıb, güllərin sülh, məhəbbət və inkişaf rəmzi olduğunu bildirib. Deyilib ki, 60-cı dəfə keçirilən gül bayramının əsas məqsədi insanlara sevinc və fərəh bəxş etmək, gülçülüyün inkişafına dəstək olmaq, yeni innovasiya texnologiyalarından istifadə etməklə gülçülüyü gəlirli sahəyə çevirməkdən ibarətdir.

Babur adına mərkəzi parkda bayramın açılışı münasibətilə 12 metr uzunluğunda və 500 kiloqram ağırlığında tort nümayiş etdirilib və qonaqlara paylanıb.

Gül festivalı mayın 31-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed