Şrift:
Sulduzda "May qiyamı"nın şəhidləri anıldı
26.05.2021 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəallar Tehran rejiminin silahlı qüvvələri tərəfindən öldürülmüş sulduzluların məzarları başına toplaşıb.

Bir neçə gün öncədən ETTELAAT-ın yerli bölmələrinin hədə-qorxularına və xəbərdarlıqlarına baxmayaraq keçirilən anım mərasimində mədəni fəal İbrahim Moini çıxış edib.

Qeyd edək ki, tədbirdən əvvəl milli-mədəni fəallar Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıldoxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli Dünyadust, İbrahim Moini, Vəli Azəriyyun, Cavad Payizini ETTELAAT-ın yerli bölməsinə çağırılıb.

Təhlükəsizlik əməkdaşları onlardan etiraz aksiyalarının ildönümündə heç bir aksiyaya qatılmamağı tələb edib.

“Sulduz prokurorluğunun həbs barədə qərarı hazırdır və onlar hər hansı aksiyaya qatıldıqları təqdirdə dərhah həbs olunacaqlar”-deyə, məmurlar milli fəalları hədələyib.

Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 15-ci ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Güney Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəriyyun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed