Şrift:
İşğal zonasında şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə baxmayaraq, onlara yeni həyat verib canlandıracağıq
02.06.2021 [10:39] - Gündəm, Mədəniyyət
Azərbaycan 2010-cu ildən UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına qoşulub. Həmin ildən etibarən ölkədə mədəniyyət sahəsində bütün hüquqi və mədəniyyət siyasəti sənədlərində bu Konvensiyanın müddəalarının tətbiq edilməsi təmin edilir. Müxtəlif proqramlar və “Bakı Prosesi” kimi qlobal təşəbbüslər sayəsində bu sahədə uğurlar əldə edilib.

Bu fikirləri Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının Tərəflərinin 8-ci sessiyasındakı çıxışında səsləndirib.

Bildirib ki, yaradıcı sənayenin inkişafı ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi sahəsində strateji istiqamətlərdəndir. Prezident İlham Əliyevin 2021-ci ilin fevralında imzaladığı müvafiq Sərəncamı ilə yaradıcı sənayelər Azərbaycanın Strateji Prioritetləri çərçivəsində hazırlanan 2025-ci il Strateji Yol Xəritəsinə daxil edilib. Ölkə əhalisinin yaradıcı sənayelər haqqında məlumatlılığını artırmaq, eləcə də yerli istehsalın, yaradıcı məhsulların və xidmətlərin yayılması və ixracının təşviqi məqsədilə 2019-cu ildə “Kreativ Azərbaycan” adlı xüsusi portal yaradılıb.

“Bizim üçün son bir il böyük dəyişikliklər ilə yadda qalıb. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, işğala son qoyulub. Nəhayət, inamla deyə bilərik ki, 2005-ci il Konvensiyası ölkəmizin bütün ərazisində həyata keçiriləcək. İşğal illərində bütün şəhər və kəndlərimizin tamamilə yerlə-yeksan edilməsinə baxmayaraq, ruhdan düşməmişik. Onlara yeni həyat verərək canlandıracağıq. Azərbaycan bu yerlərə yenidən qayıtmaq, həyat gətirmək və mədəni həyatı dirçəltmək üçün əlindən gələni edir”,-deyə R.Abbəkirov sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed