Şrift:
Murovdan Füzuliyədək döyüş yolu keçən şəhid Vüsal Məmmədovu tanıyaq
03.06.2021 [11:19] - Xəbərlər, Hərb
Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Məmmədov Vüsal Qüdrət oğlunun bu gün doğum günüdür. Yaşasaydı, ömrünün 31-ci baharını öz doğmaları ilə qeyd edəcəkdi. Lakin o, bütün arzularını yarıda qoyaraq ən ülvi sevgi bəslədiyi Vətəninin harayına yollandı. Bu amalla son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı.

Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində dünyaya göz açıb. Üç yaşında ikən doğma yurdundan didərgin düşən Vüsal və ailəsi 27 il Vətən həsrəti ilə yaşayıblar.

Uzun illər çadır şəhərciyində yaşayan Vüsal yaşa dolduqca ailəsindən doğma yurdu haqqında maraqlanıb. Şəhidin anası Xasa Məmmədovanın sözlərinə görə, Birinci Qarabağ döyüşləri zamanı Vüsalın dayısı şəhid olub. Hər dəfə bu haqda ona danışanda düşmənə olan nifrəti birə min artıb. O, gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb.

Sonralar Vüsal və ailəsi yeni salınan Zobucuq qəsəbəsində məskunlaşıblar. Həqiqi hərbi xidmətini Dəniz Donanmasında yerinə yetirən Vüsal daha sonra müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanır. 2015-ci ildə hərbi hissə nəzdində təməl xüsusi təyinatlı kursunu bitirən Vüsal əvvəl kiçik miçman rütbəsini alır. 2017-ci ildə miçman rütbəsinə yüksələrək, taqımın manqa komandiri, Xüsusi Təyinatlı Qrupun dalğıc-kəşfiyyatçısı olaraq xidmətini davam etdirir. Peşəkarlığı və bacarığı ilə fərqlənən Vüsal hələ sağlığında Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif olunur. Müharibə başlayanda tərəddüd etmədən Vətənin səsinə səs verir, cəbhəyə yollanır.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı piyadalarının tərkibində döyüşə qatılan Vüsal qəhrəmanlığı ilə seçilir. Şəhidin atası Qüdrət Məmmədov deyir ki, onun ilk döyüş yolu sentyabrın 27-də Murov dağından başlayıb, döyüşçü yoldaşları ilə birgə ilk tapşırığın öhdəsindən layiqincə gəliblər. Sonrakı tapşırıq isə Cəbrayıl rayonu istiqamətində olur. Döyüşlər vaxtı əsas vəzifəsi pulemyotçu olan Vüsal düşmənə, sözün əsl mənasında, qan uddurur və Cəbrayılın azad edilməsində, həmçinin bir çox yüksəkliklərin alınmasında şücaəti ilə seçilir. O, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı kimi düşmənin qorxulu kabusuna çevrilir. Vüsal və onun tərkibində olduğu qrupun növbəti tapşırığı Füzuli istiqamətində olur və bu döyüşlərdə bir çox strateji mövqeyə malik ərazilərin alınmasında iştirak edir. Oktyabrın 12-də gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Şəhidin atası deyir ki, Vüsal ən böyük arzusuna çataraq əbədiyyətə qovuşdu. Çünki onun istəyi torpaqlarımızı azad etmək və şəhidlərimizin qisasını almaq idi.

Qeyd edək ki, Vüsal ötən ilin mart ayında ailə həyatı qurmuşdu. Şəhadətə ucaldıqdan 3 ay sonra onun oğlan övladı dünyaya gəlib. Şəhidin arzusuna uyğun olaraq ona Hüseyn adı verilib.

Füzuli rayonunun Babı qəbiristanlığında torpağa tapşırılan Vüsal döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ ordeni”, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed