Şrift:
Urmiya gölündə suyun səviyyəsi 20 sm artıb
05.12.2012 [14:39] - Güney Azərbaycan xəbərləri
İran rəsmisi: «Hələlik hövzədəki canlıların vəziyyəti normaldır, heç bir ölüm halları və xəstəliklərə rast gəlinməyib»


Son yağıntılarla əlaqədar Urmiya gölündə suyun səviyyəsi təxminən 20 sm artıb. Bunu Urmiya gölü Milli Parkının rəhbəri Ümid Yusifi deyib. O əlavə edib ki, Urmiya gölünün adalarında aparılmış müşahidələr göstərir ki, buradakı canlıların vəziyyəti normaldır, hələlik heç bir ölüm halları və xəstəliklərə rast gəlinməyib. Onun sözlərinə görə, Urmiya gölü Milli Parkında idarəetmə böhran vəziyyətində həyata keçirilir.
Qoşaçay, Tikantəpə və Sayınqala şəhərlərini İran parlamentində təmsil edən millət vəkili Ruhullah Beygi isə bildirib ki, Urmiya gölü qurumaqdadır: «Lakin bu günə qədər gölü xilas etmək üçün ciddi addım atılmayıb. Əgər İran rəsmiləri ciddi tədbir görməsələr, Urmiya gölü həm məhv olacaq, həm də məhv edəcək. Bölgədə əkinçilik məhv olacaq və yerli əhali, o cümlədən gənclər işsiz qalacaq, bu da cəmiyyətin işsizlik problemini daha çətinləşdirəcək». Onun sözlərinə görə, Urmiya gölünü məhv olmaq təhlükəsindən xilas etmək olar: «Bunun üçün yalnız bir çıxış yolu var. Məsul şəxslər dərhal işə başlamalı, təcili əməli addımlar atmalı və lazımi vəsait ayrılmalıdır».
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi tamamilə quruyub və şoranlığa çevrilib. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb. BMT-nin Ətraf Mühit Proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurumasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə isə gölün səthinin sahəsi 6100 kv. km-dən 2366 kv. km-ə qədər azalıb. BMT-nin Ətraf Mühit Proqramı Urmiya gölünün taleyinin də Aralın kədərli aqibətinə oxşaya biləcəyi barədə narahatlıq bildirir. Bir neçə on il qabaq Orta Asiyanın bu gölünün quruması bölgədə dəhşətli qum fırtınalarının yaranmasına səbəb olub. Urmiya gölünün ətrafındakı rayonların sakinlərinin etirazları hələ də güclə yatırılır. BMT-nin İnkişaf Proqramı həmçinin İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib. 2011-ci ildə Təbrizdə, Urmiyada və Güney Azərbaycanın başqa şəhərlərində hakimiyyətin gölün quruması probleminə laqeyd qalmasıyla bağlı kütləvi etirazlar olub. Amma nümayişlər gözyaşardıcı qazla və rezin güllələrlə dağıdılıb. Həmin aksiyalar zamanı yüzlərlə azərbaycanlı fəal həbs olunaraq ağır şəkildə cəzalandırılıb.
Bu xəbər oxucular tərəfindən 1502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed