Şrift:
Avstriya Avropa İttifaqının COVID-19 fondundan 3,5 milyard avro alacaq
22.06.2021 [09:58] - Gündəm, Sağlıq
Avropa İttifaqının (Aİ) koronavirus əleyhinə yenidənqurma proqramı təsis edildikdən təxminən bir il sonra Avstriyaya ölkə iqtisadiyyatının dirçəldilməsi üçün bu fonddan 3,5 milyard avro vəsait veriləcəyi təsdiqlənib.

Bu barədə məlumatı hazırda Vyanada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və Avstriyanın Federal Kansleri Sebastian Kurts birgə mətbuat konfansında elan ediblər. Bildirilib ki, Avstriyanın təqdim etdiyi inkişaf planı gələcəyə yönəlmiş hədəflərə xidmət edir və ölkənin böhrandan güclənərək çıxmasına imkan verəcək. İnkişaf planı hələ Aİ ölkələri şurası tərəfindən də formal olaraq təsdiqlənməlidir və bundan sonra ümumi vəsaitlərin 450 milyon avro həcmində ilk tranşı Avstriyanın sərəncamına veriləcək. Təqdim ediləcək sərmayənin 59 faizi ətraf mühitin mühafizəsi məqsədləri üçün sərf ediləcək, ətraf mühitlə yanaşı rəqəmsallaşma da əsas inkişaf hədəfləri sırasında yer alacaq.

Qeyd edilməlidir ki, Aİ ölkələri tərəfindən ötən ilin yayında koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılan inkişaf proqramı (“Next Generation EU”) ümumilikdə 750 milyard avro büdcəyə malikdir və İkinci Dünya müharibəsindən sonra həyata keçirilən “Marşal Planı”ndan bəri Avropada ən böyük konyunktur proqramı sayılır. Proqram çərçivəsində iqtisadiyyatın pandemiyadan sonra dirçəldilməsi və müasirləşmə layihələri ön planda dayanır. Fond vəsaitlərinin bir hissəsi ölkələrə subsidiya, digər hissəsi isə kredit şəklində təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed