Şrift:
ABŞ Konqresində İran-Azərbaycan münasibətləri müzakirə olunub
07.12.2012 [11:25] - Güney Azərbaycan xəbərləri
Dekabrın 5-də ABŞ Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsi “İranın Cənubi Qafqaza təsiri və ətraf region” mövzulu dinləmə təşkil edib. “Turan”ın xüsusi müxbirinin Vaşinqtondan verdiyi məlumata görə, müzakirələrdə Azərbaycan-İran münasibətlərinə də toxunulub.

Konqresmen Deyn Rorabaher İran hakimiyyətini qanqster rejim adlandıraraq ölkədə azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayıb. O əlavə edib ki, İranın Azərbaycanda radikal şiəliyi yaymaq niyyətinə baxmayaraq Tehran bu məqsədinə nail ola bilməyib.

Region üzrə ekspert Brenda Şaffer deyib ki, İran rejimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur.

Konqres komitəsinin təmsilçisi Qreqori Miks deyib ki, Azərbaycanla İran arasında din yaxınlığına baxmayaraq Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir: “İranlılar Qafqaza yaxın xaric kimi baxırlar və elə hesab edirlər ki, regionda iqtisadi, siyasi və diplomatik baxımdan üstün olmaq hüququna malikdirlər”.

Amerika Sahibkarlıq İnstitutunun elmi əməkdaşı Maykl Rubin (Pentaqonun İran və İraq üzrə keçmiş müşaviri) qeyd edib ki, islam inqilabının ixracı İranın əsas məqsədi olaraq qalır: “İran Cənubi Qafqazda öz səylərini Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir, öz nüfuzunun artırılması üçün xeyriyyə fəaliyyətindən istifadə edir. Amma Azərbaycan xalqı mühüm dərəcədə Qərbyönlü oriyentasiyanı saxlayır və İranın hökmranlığını qəbul etmək istəmir”.

“Heritage” Fondundan Ariel Koen deyib ki, İran Xəzər dənizinin bölünməsində müqavimət göstərməklə müasir boru kəməri infrastrukturunun inşasına və beynəlxalq energetika şirkətlərinin iştirakı ilə regionun enerji resurslarının işlənməsinə əngəl törədir.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed