Şrift:
Hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
25.06.2021 [11:43] - Gündəm, Mədəniyyət
Xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gələrək Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki vəziyyəti kökündən dəyişdi. Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, cəbhədə vəziyyət müsbət istiqamətdə inkişaf etdi. Qısa müddətdə Ağdam və Füzuli rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı gün – iyunun 26-sı ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Bunu açıqlamasında AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev deyib. O bildirib ki, ordumuz 2020-ci ildə düşmən təxribatlarının qarşısını layiqincə aldı. Uzun illərdir düşmən tapdağı altında olan əzəli və əbədi torpaqlarımız, doğma yurd-yuvalarımız işğaldan azad edildi. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçdı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.

“Bu Qələbə bir daha bütün dünyaya göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Bu müqəddəs Qələbənin qazanılmasında iştirak edən, qanını axıdan və ərazi bütövlüyümüzü bizə bəxş edən qardaşlarımızı rəhmətlə və minnətdarlıqla yad edirik. İnamla demək olar ki, şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub”, - deyə F.Mustafayev fikrini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed