Şrift:
Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edən poçt markası hazırlanıb
29.06.2021 [11:38] - Gündəm, İqtisadiyyat
Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb. Belarusun Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Qeyd edək ki, Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edir. Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə sentyabrın 9-da başa çatacaq. Hazırda ölkəmizi təmsil edən markaya dəstək olmaq imkanımız var.

Xatırladaq ki, səs vermək üçün bu linkə (https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçib, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd edərək “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.

Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed