Şrift:
Əliyevin dəvətilə ABŞ şirkətləri azad rayonlarımızda bərpaya qoşulsa - Rusiyanın reaksiyaları...
06.07.2021 [17:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hazırda hegemon ölkələr bazadan çox, bazar qurmaqda maraqlıdır”

"Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir".

Bu fikirlər Prezident İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda yer alıb.

"Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik", - dövlət başçısı bildirib.

Göründüyü kimi, Prezident ABŞ şirkətlərinin azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirakında maraqlı olduğunu bildirir. ABŞ–Rusiya münasibətlərinin gərgin olduğu indiki dönəmdə ABŞ şirkətləri bu təklifi qəbul edərmi və etsələr, Rusiya buna necə yanaşar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür məsələlərdə kim də düşünər kimi düşüncədən uzaq olmalıyıq: “Biz Rusiyanın peyki deyilik ki, bütün məsələləri onların istəyinə uyğun hesablayaq. Azərbaycan müharibədən sonrakı dönəmdə tam müstəqil xarici siyasət yürüdür və bunu uğurla həyata keçirir. Əsirlərin birinci dəfə verilib xəritələrin alınmasında da bu xətt hiss edildi. Bununla Azərbaycan dedi ki, bütün addımları Rusiya ilə razılaşdırıb atmağa məhkum deyilik. Həmin məsələdə Qərb və Gürcüstanın vasitəçiliyi oldu. Biz çoxvektorlu siyasətimizi yürüdəcəyik. Həm də Azərbaycanın maraqlarını özündə ehtiva edən istənilən addımı atacağıq. Biz hamı ilə xoş münasibət saxlamağı üstün tuturuq. Ordu quruculuğumuzda Türkiyə ordusunun kiçik modelini yaradırıq. Bu, həm də NATO standartı deməkdir. Böyük layihələrdə aparıcı mövqeyə sahibik. İqtisadi mərkəzlərin yaranmasında iddialıyıq. Dövlət olaraq iddialı olmalıyıq. İsrail bizdən qat-qat kiçik ölkədir, amma dünya miqyasında sayılıb-seçilən mövqeyə sahibdir. Bizim böyük ölkələrin şirkətlərini bərpa işində görmək istəməyimiz həm də böyük maraqların burada təmin olunacağı anlamına gəlir. Bu, ABŞ üçün də məqbuldu. Çünki hazırda hegemon ölkələr bazadan çox, bazar qurmaqda maraqlıdır. İqtisadi irəliləyiş həm də ölkələrin marağını təmin edir. Region ABŞ üçün maraqlıdır. Hesab edirəm ki, bu təklifi onlar dəyərləndirəcək və Rusiyanın buna etiraz etməyə haqqı və hüququ çatmayacaq”.

Məhəmmədəli QƏRİBLİ/bakixeber.com
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed