Şrift:
Azərbaycanlı tədqiqatçı Ukraynada öz yeni kitabını təqdim edib
07.07.2021 [14:14] - Gündəm, Sosial
Ukraynanın Truskavets şəhərində Beynəlxalq İslam Təfəkkürü İnstitutu və Biliklərin İnteqrasiyası İnstitutunun dəstəyi ilə “Ümumukrayna “Alraid” Assosiasiyası” ictimai ittifaqı və Ukrayna İslamşünaslıq Tədqiqatları Mərkəzi tərəfindən təşkil edilmiş “İslam din və elm kimi” mövzusunda X İslamşünaslıq Tədqiqatları Məktəbi keçirilir.

Qarışıq (onlayn/oflayn) formatda keçirilən məktəbin işində Ukrayna, Azərbaycan, ABŞ, Türkiyə və Polşanı təmsil edən 40-dan çox alim iştirak edir.

Azərbaycanlı publisist, tarixçi, ilahiyyatçı Teymur Atayev tədbirdə “İslam təfəkkürünün yenilənməsi: qarşısıalınmazlıq yoxsa yenilik?” mövzusunda mühazirə ilə çıxış edib. Bu tədbirə dəvət olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirən T.Atayev həm məktəbin təşkilatçılarının, həm də Ukrayna xalqının qonaqpərvərliyini, səmimiyyətini qeyd edib. Alim İkinci Qarabağ müharibəsi dövründə Ukrayna xalqının Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiyini xüsusi minnətdarlıqla vurğulayıb.

Azərbaycanlı tədqiqatçı özünün “İsa Peyğəmbərin ideyaları və onların Quranda əksi” adlı yeni əsərini təqdim edib. Müəllif bu qənaətə gəlir ki, İsa Peyğəmbər ruhun, mənəviyyatın və əxlaqın inqilabi yeniləşməsinin tərəfdarı olub. Alimin fikrincə, İsa Peyğəmbər insanları özlərini təkmilləşdirməyə çağırırdı, sonradan Məhəmməd Peyğəmbər də faktiki olaraq eyni çağırışı edirdi.

T.Atayevin çıxışı dinləyicilər tərəfindən ciddi maraqla qarşılanıb.

Azərbaycanlı tədqiqatçı həmin kitabla bərabər özünün daha bir əsərini – 2019-cu ildə Özbəkistanda rus dilində nəşr olunmuş “Əmir Teymur fenomeni. Bugünkü mövqedən baxış” adlı kitabını da islamşünasların diqqətinə təqdim edib.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed