Şrift:
Uşaqlar muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olublar
07.07.2021 [14:16] - Gündəm, Mədəniyyət
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tədbirlər planına uyğun olaraq tətil günlərində şəhid övladlarının, sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil edilib.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ekskursiyada müvafiq kateqoriyalardan olan 25 nəfər uşaq iştirak edib. Uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Nəbatat bağı, Xatirə muzeyi, Şəhidlər xiyabanı ilə tanış olublar.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb.

Döyüş Şöhrəti Muzeyində qeyd olunub ki, burada müstəqillik illərində döyüş növbətçiliyinə qəbul edilmiş müxtəlif adda silah, texnika və qurğu, döyüş-nəqliyyat vertolyotu, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş etdirilir. AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında isə uşaqlara bildirilib ki, bağ 2003-cü ildə salınıb. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur.

Çoxsaylı eksponatlarla zəngin olan Xatirə muzeyində məlumat verilib ki, muzeydə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi əbədiləşdirilib, burada şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Daha sonra uşaqlar torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz, azadlığımız uğrunda canından keçən Vətən oğullarının xatirəsinin əbədiləşdirildiyi Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonda uşaqlara Naxçıvan Dövlət Film Fondunda “Matteo Falkone” filmi nümayiş olunub.

Qeyd edək ki, bu səpkidə tədbirlər davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed