Şrift:
KOBİA ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək
08.07.2021 [14:17] - Gündəm, İqtisadiyyat
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx imzalayıblar. İmzalanma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer də iştirak edib.

Sənədə əsasən, KOBİA və USAID daha əlverişli və rəqabətli biznes mühitinin yaradılması istiqamətində birgə təşəbbüslər həyata keçirəcək, yerli KOB-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq, satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də COVID-19 pandemiyası kimi böhranlı vəziyyətlərə qarşı dayanıqlılığı gücləndirən tədbirləri dəstəkləyəcək. Birgə əməkdaşlıq çərçivəsində KOBİA və USAID Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların rəqabətliliyinin, biznes assosiasiyaların potensialının gücləndirilməsini, ölkəmizə innovativ biznes texnologiyalarının gətirilməsini də diqqət mərkəzində saxlayacaq.

“KOBİA yerli KOB-ların inkişafı üçün qabaqcıl təcrübənin öyrənilməsinə, bu sahədə müvafiq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İnanırıq ki, USAID ilə imzalanmış anlaşma memorandumu da biznes tərəfdaşlığının inkişafına, KOB-lara göstərilən dəstək və xidmətlərin daha da yaxşılaşmasına, KOB-ların böyüməsinə öz müsbət töhfəsini verəcək”, – deyə O.Məmmədov qeyd edib.

“ABŞ və Azərbaycan şirkətləri arasındakı biznes tərəfdaşlığı və əlaqələri qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsi və iqtisadi artımın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu anlaşma memorandumu birgə inkişafa şərait yaradan biznes tərəfdaşlıqlarının qurulması ilə nəticələnəcək”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri L.Litzenberqer bildirib.

USAID-in Azərbaycan üzrə missiyasının direktoru C.Sinqx deyib: “USAID hesab edir ki, kiçik və orta sahibkarlıq inklüziv və dayanıqlı iqtisadi inkişafı təmin etməklə yoxsulluğun azaldılmasında müstəsna rol oynayır. Ona görə də kiçik və orta sahibkarları dəstəkləmək və onlar üçün əlverişli biznes mühiti yaratmaq missiyasını həyata keçirən KOBİA-nın oynadığı rol əhəmiyyətlidir. Biz qarşılıqlı tərəfdaşlığı daha da gücləndirmək niyyətindəyik”.

İmzalanma tədbiri çərçivəsində, həmçinin KOB sahəsində agentlik və USAID arasında əməkdaşlıq perspektivlərinə, təcrübə mübadiləsinə, ABŞ-ın KOB sahəsi üzrə fəaliyyət göstərən qurumları ilə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed