Şrift:
Ərdəbil əyalətində vəzifəli şəxslər həbs olunub
12.07.2021 [14:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, Ərdəbil şəhərində icra edici orqanlardan birinin baş direktoru və iki bələdiyyə əməkdaşı saxlanılıb.

Abdulla Təbatəbayi saxlanılanların kimliyi barədə açıqlama verməyib. Lakin onların korrupsiya əməlinə görə təhlükəsizlik məmurları tərəfindən tutulduğunu bildirib.

O, bildirib ki, saxlanılanların cinayət işi barədə ətraflı araşdırmalar aparılıb və onların barəsində məhkəmə qərar qəbul edib.

Qeyd edək ki, ötən həftə Qərbi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin keçmiş sədri və başqa bir neçə əməkdaşı da həbs olunub.

Bu barədə əyalətin Ali Məhkəməsinin başçısı Nasir Ətəbati mətbuata verdiyi açıqlamada bildirib.

"Əyalətin Su və Kanalizasiya Şirkətinin icraçı direktoru, şirkətin bir neçə əməkdaşı və bir sıra podratçılara qarşı korrupsiya, ümumi və dövlət əmlakını mənimsəmə ittihamı ilə Urmu İnqilab Məhkəməsi tərəfindən cinayət işi açılıb. Ətraflı yoxlamalardan sonra onların təqsirləri sübuta yetirilib və ilkin məhkəmə tərəfindən barələrində həbs cəzası qərarı çıxarılıb"-deyə, o bildirib.

Məhkəmə başçısı Su və Kanalizasiya Şirkətinin başçısının 20 min avro rüşvət aldığına, vəzifə səlahiyyətlərindən si-istifadə etdiyinə, ümumi əmlakı mənimsədiyinə görə 15 il həbs cəzasına məhkum edildiyini bildirib.

Şallaq cəzası alan sabiq başçının əmlakının müsadirə olunmasına və dövlət işində işləməkdən məhrum edilməsinə də qərar verilib.
Son aylar İranda, özəlliklə Azərbaycan əyalətlərində korrupsiya ilə bağlı həbslər artıb.

Təbriz, Urmu, Soyuqbulaq, Tufarqan (Azərşəhr), Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib.

Xatırladaq ki, korrupsiya İranın hakim rejimində kök atıb. Beynəlxalq Şəffaflıq Təşkilatının yanvarın 28-də yaydığı hesabatına görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri hesab edilib.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed