Şrift:
Vətən müharibəsi şəhidinin xatirəsi Gürcüstanın Qardabani rayonunda əbədiləşdirilib
16.07.2021 [10:08] - Gündəm, Sosial
Vətən müharibəsi şəhidi əslən Gürcüstandan olan Səlimxan Bayramovun xatirəsi Qardabani rayonunun Qaracalar kəndində əbədiləşdirilib. Kənddə Səlimxan Bayramovun xatirə bulağının açılışı olub.

Şəhidin doğum günündə keçirilən mərasimdə onun qohumları, dostları və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Gürcüstanda doğulan, burada və başqa ölkələrdə yaşayan azərbaycanlılar daim tarixi Vətənləri Azərbaycanla nəfəs alırlar. Vətən müharibəsində şəhid olan bütün qəhrəmanların xatirəsi daim qəlblərdə yaşayacaq.

Anası və atasının nənəsi Qardabani rayonunun Qaracalar kəndindən olan Bayramov Səlimxan Vüqar oğlu 1998-ci il iyulun 13-də Sumqayıt şəhərində dünyaya göz açıb. O, 2015-2019-cu illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə şücaət göstərən Səlimxan Bayramov oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. İgid döyüşçü Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed