Şrift:
Fərəc Quliyev: Erməni xalqı yenidən ağır zərbə almaq istəmirsə, gərək heç kimin əlində maşa olmasın
16.07.2021 [10:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev

Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib ki, indi yeni dövr - quruculuq dövrü, postmünaqişə dövrü başlayıb:

“Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

Prezident deyib ki, biz ordumuzla bağlı yeni planları həyata keçiririk: “Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

Göründüyü kimi, İlham Əliyev gələcəyə nikbin baxır. Bununla yanaşı, bizim hər an müharibəyə hazır olmağımızın zəruriliyini bildirir. Prezidentin yeni müharibəyə hazır olmağın zəruriliyi ilə bağlı təxminləri nədən qaynaqlanır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu fikirlərini birmənalı olaraq dəstəkləyirlər: “Biz bölgədə ciddi gücə çevrilmişik. Bu coğrafiyada baş verən proseslərdə Azərbaycan çox ciddi rol oynayır. Bəzi dövlətlər hələ də Azərbaycanı özünün peyki kimi görmək istəyir. Çoxları Azərbaycanı əvvəlki status-kvoya qaytarmaq istəyir. Həmin dairələr, güya Dağlıq Qarabağ münaqişəsinin bitmədiyini təbliğ etməklə, tarixin çarxını geriyə çevirmək istəyir. Bütün bunların da arxasında öz maraqlarını təmin etmək niyyəti dayanır. Ermənistan kimi maşa dövlətdən isə yenə də öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bununla Prezident Ermənistana xəbərdarlıq edir ki, kiminsə alətinə çevrilib, yenidən bizə qarşı gəlməsin. “Kimə arxayın olmana baxmayaraq, səni yenə də əzərik” fikrini Ermənistanın nəzərinə çatdırır. Çox doğru yanaşmadır. Erməni xalqı yenidən ağır zərbə almaq istəmirsə, gərək heç kimin əlində maşa olmasın. Böyük dövlətlər birbaşa məsələyə müdaxilə etmək istəmirlər. “At gedişi” edirlər. Bir-birilə bütün məsələlərdə rəqib olmalarına baxmayaraq, bu məsələdə ortaq davranış nümayiş etdirirlər. Biz bunu üç həmsədr ölkə səfirinin Şuşa səfərindən imtina etməsində gördük. Onlar özlərinin dominantlığını yenidən təmin etməyə çalışır. Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe çox iddialıdır. Bəli, dövlət iddialı olmalıdır”.

Partiya sədrinin sözlərinə görə, erməni qiyafəsində ölkəmizin maraqlarına toxunularsa, biz istənilən güclə döyüşməyə hazır olmalıyıq: “Azərbaycan Prezidenti tarixi vərəqlədi. Bildirdi ki, onlar yaxın keçmişə istinad edib hansısa əraziləri mübahisələndirmək istəyərlərsə, biz daha uzaq keçmişə əsaslanıb, Zəngəzur və digər tarixi torpaqlarımızın məsələsini qaldıra bilərik. Bu həm xəbərdarlıqdır, həm də ölkə əhalisini birliyə çağırmaqdır. Hazırda elə həssas məqamdır ki, bizim əldə etdiyimiz nailiyyətlərlə barışmaq istəməyənlər var. Ölkə Prezidentinin iradəsi millidir, biz də onu dəstəkləyirik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed