Şrift:
COVID-19 pandemiyası dövründə mindən çox tibb işçisinə psixoloji dəstək göstərilib
23.07.2021 [11:46] - Gündəm, Sosial
Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən 1542 Çağrı Mərkəzində fəaliyyətə başlayan psixoloji dəstək xətti vasitəsilə ölkə üzrə 1007 tibb işçisinə psixoloji yardım göstərilib.

Bunu TƏBİB-in psixososial dəstək fəaliyyətləri mütəxəssisi Nərmin Osmanlı “Medianın psixi sağlamlıqda rolu” mövzusundakı çıxışında deyib.

Bildirib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə 1542 Çağrı Mərkəzinə psixoloji dəstək üçün 1122 şəxs müraciət edib: “Müraciət edənlər arasında koronavirus xəstələrinin sayı 459 nəfərdir. Ümumiyyətlə, sərt karantin dövründə Çağrı Mərkəzinə psixoloji dəstək üçün zəng edən vətəndaşların əsas şikayətləri əsəbilik və gərginlik olub. Bundan başqa, ailədaxili münasibətlərlə bağlı müraciətlər də qeydə alınıb”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən 1542 Çağrı Mərkəzində COVID-19 xəstəliyi barədə məlumatlar, psixoloji dəstək xətti və poliklinik xidmətlərlə bağlı bölmə 2020-ci il aprelin 23-dən etibarən fəaliyyətə başlayıb. Vətəndaşlar Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan 1542 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. “Çağrı” mərkəzinə müraciət edildikdə: koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün – 0; icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1; psixoloji dəstək üçün – 2; poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 3 düymələri seçilməlidir.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed