Şrift:
Heykəllər, abidələr şəhəri
27.07.2021 [11:07] - Xəbərlər, Mədəniyyət
Şuşanın küçə, park, bağ və meydanlarını bir çox heykəltəraşlıq nümunələri bəzəyirdi. Həmin heykəl, büst və abidələr şəhərin ayrı-ayrı yerlərinə xüsusi gözəllik, dərin məzmun verir, ucaldıldığı ərazinin özünəməxsus koloritini tamamlayaraq yaraşığını daha da artırır, şəhərin gözəlliyinin müəyyənləşməsində təbii şəraitlə bərabər böyük rol oynayırdılar. Şuşada görkəmli şəxsiyyətlərin tuncdan tökülmüş, ya da qranitdən yonulmuş həcmcə böyük sənət əsərləri vardı.

Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan Vasif Quliyev deyib: “Onlardan biri də şəhərin şimal-şərq hissəsində böyük şair Molla Pənah Vaqifin Cıdır düzündə ucaldılmış məqbərəsi idi. Hələ 1940-cı ilin yayında Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Şuşada Vaqifin qətlə yetirildiyi yerdə böyük şairin abidəsinin qoyulması üçün tədbirlərə başlamışdı. Abidənin pyedestalının 5 metr hündürlüyündə olan qırmızı qranitdən, onun üzərində 8 metr hündürlüyündə ağ mərmərdən kitab şəklində bir lövhə və kitabın içərisində Vaqifin barelyefi qoyulması qərara alınmışdı. Gənc memar Fərəcovun layihəsi əsasında tikilməsi nəzərdə tutulan abidənin ümumi hündürlüyü 13 metr olacağı planlaşdırlmışdı. Barelyefin hazırlanması isə gənc heykəltəraş Cəlal Qaryağdıya həvalə edilmişdi. Heykəlin qoyulması üçün 94 min 266 manat, o cümlədən tikinti dəyəri 86 min 454 manat, barelyef üçün 78 min manat, qalan vəsaitin isə digər xərclər üçün xərclənəcəyi nəzərə tutulmuşdu. Parkın salınması üçün Cıdır düzündə 7 hektarlıq ərazi ayrılmışdı. 1944-cü ilin yayınadək burada bağ, başqa sözlə mədəniyyət parkı salınmalı, Vaqifin məzarı olan sahənin ətrafı abadlaşdırılmalı idi. Lakin həmin dövrdə hələ davam edən repressiya illəri, Böyük Vətən müharibəsinin başlaması, müharibədən sonra bərpa-quruculuq işləri və maliyyə vəsaitinin çatışmaması üzündən abidənin qoyulması işləri başa çatdırılmadı”.

Tədqiqatçı-jurnalist böyük şairin xatirəsinə məqbərənin 1982-ci il yanvarın 14-də ucaldıldığını xatırlayaraq deyib: “Bu əzəmətli monumental əsərin müəllifləri akademik Əbdülvahab Salamzadə, respublikanın Əməkdar memarı, memarlıq namizədi Eduard Kanukov, respublikanın Əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevdir. Hər üç sənətkar Azərbaycanda və bir sıra yaxın Şərq ölkələrində geniş yayılmış tarixi-memarlıq üçün ənənəvi olan qüllə məqbərələrin kompozisiya formasını yenidən, böyük yaradıcılıqla işləmişlər. Qüllənin planında kvadrat formalı 20 metr hündürlüyü olan tikinti elə bil qayadan qalxaraq ətraf mənzərəyə harmonik şəkildə uyğunlaşmışdır. Memorial tikintinin arxitektura kompozisiyası özlüyündə aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunmaqla iki hissədən - kəsik piramida formasında xüsusi möhkəmlik və monumental görünüşlü aşağı, dinamik olaraq yuxarıyacan olan pilonlu dördkünc qüllə olan yuxarı hissədən ibarətdir.

Zəngin təbii sərvəti olan Qarabağ torpağı inşaatçılara və memarlara davamlı və gözəl material vermişdir. Monumental divarlara və dördkünc qüllənin pilonlarına qırmızıya çalan çəhrayı mərmərdən üz çəkilmişdir, içərinin bəzəyi isə açıq boz mərmərlə və rəsmlə həyata keçirilmişdir.

Memorial zalın mərkəzində əsas girəcəkdə, Vaqifin qəbri üstündə tünd yaşıl rəngli qranitdən düzbucaqlı sarkofaq qoyulmuş, zalın içərisində isə qarşı tərəfdəki divarda stela üzərində şairin ağ mərmərdən heykəltəraşın yaratdığı portret yerləşmişdir.

İnteryerdə fəza tikintisi özünəməxsus və orijinallıqla düşünülmüşdür və ciddi arxitektektonikalıdır və artıq klassik üslubları yoxdur. Daxili boşluğun belə sadə tərtib edilməsi bütün diqqəti əsas ekspozisiyaya fokuslaşdırmağa - şairin sarkofaqında və heykəltəraşın portretində cəmləşdirməyə maksimum imkan verir. Sarkofaq şairin axırıncı dayanacağının simvolu, barelyefi isə nəsillər üçün abidə portretidir. Zövqlə seçilmiş rənglər qamması interyerə təntənəli görkəm verir, abidə zalının açıq, boz mərmər divarlar fonunda tünd yaşıl sarkofaqın düzgün həndəsi həcmi və Vaqifin dümağ portreti çox gözəl görünür. Böyük ilham və incəliklə işlənmiş barelyef dahi vətəndaş, təmiz qəlbli, müdrik və səmimi bir insanın görkəmini uğurla əks etdirir.

Yastı örtüklü kvadrat mərkəzi binanın planında kompozisiya həllinin özəyini təşkil edir. Bu, həqiqətən də müəlliflərin düşündüyü kimi təkcə Vaqifin dəfn yeri deyil, eyni zamanda saysız-hesabsız xarici qonaqların, onun poeziyasının minlərlə pərəstişkarının istədikləri vaxt gəlib yad etdikləri xatirə abidəsidir. Elə bu zamandan Şuşanın müasir memarlığına xalqın müqəddəs bir yer saydığı Vaqifin əzəmətli mavzoleyi daxil olmuşdur.

Məqbərənin memarlıq üslubu tikintinin funksional təyinatının şəhər tikintisi kompozisiyasında yerini yenidən göstərir. Sözsüz ki, bu yeni memorialtikinti adi və burda yenilik xalq mədəniyyətinin qədim ənənələri ilə üzvi surətdə birləşdirilmişdir. Memorial abidənin bütün həcmində yüksək memarlıq keyfiyyətləri öz əksini tapmışdır”.

Həmsöhbətimiz şəhərdəki digər heykəl və abidələr barədə danışaraq deyib: “Anadan olmasının 100 illiyi münasibətilə vətəni Şuşada qoyulmuş Üzeyir Hacıbəyovun əzəmətli və monumental abidənin müəllifi, Azərbaycanın Dövlət mükafatı laureatı, heykəltəraş Əhməd Salikovdur. Hündürlüyü 8 metr olan abidə bəstəkarın doğulduğu evin qarşısında – Xan qızı Natəvanın bağında qoyulmuşdur. Üzeyir bəy ayaq üstə müdrik çağında təsvir edilmişdir. İlk növbədə abidənin kompozisiyası diqqəti cəlb edir. Bağa girəndə göz önündə dahi bir insanın dərin düşüncələrə dalmış obrazı canlanır. Müəllif əsas diqqəti heykəlin mənəvi məzmununa yönəldərək Üzeyir Hacibəyovun daxili gözəlliyini, ölməz obrazını, əzəmətli simasını mənalı şəkildə əks etdirmişdir. Mülayim təbiətli bəstəkarın xarakterinin açılmasında əsas rolu onun baxışları oynayır. Müəllif musiqi dahisinin yaradıcılıq duyğularını, psixoloji anlarını məharətlə və dolğunluqla verə bilmişdir. Yaratmaq eşqi ilə xəyala dalmış bəstəkar sanki özünün yüksək yaradıcılıq anında dərin fikrə getmiş, bütün diqqəti yeni bir əsər üzərində cəmlənmişdir. Onun baxışı və duruşu da sanki başdan-ayağa bir musiqidir. Heykələ tamaşa etdikcə elə bil Üzeyir musiqisini dinləyir, onun əfsanəvi qəhrəmanlarının sözlərini eşidirik. Bəstəkarın simasında xeyirxahlıq, təvazökarlıq və müdrikliyin izləri də görünür və bu da onun xarakterini tamamlayır. Bütün bunlar heykəltəraşın təxəyyülündən gəlmiş və abidəyə hopmuşdur. Ümumiyyətlə, heykəlin romantik ruhu dərin və emosional təsir bağışlayır. Abidənin 1985-ci ildə təntənəli açılışı respublikanın mədəni və mənəvi həyatında mühüm bir hadisəyə çevrilmiş, Azərbaycan heykəltəraşlığının son illərdəki uğurlarından biri kimi qiymətləndirilmişdir.

“Kommunarlar parkı” 1977-ci ildə şəhərin yuxarı hissəsində 26 Bakı komissarlarının xatirəsinə salınmış müasir memarlıq ansamblı idi. Şəhərin baş memarı Tofiq Zeynalovun orijinal layihəsi əsasında tikilmişdi. Park şuşalıların və şəhərə gələn qonaqların əsl istirahət guşələrindən birinə çevrilmişdi. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olan şuşalıların xatirəsinə ucaldılmış “Gözü yolda qalanlar” abidəsinin müəllifi də Tofiq Zeynalov idi.

Ümumiyyətlə, müxtəlif illərdə Xan qızı Natəvanın, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Həsən Vəzirovun Şuşanın gözəgəlimli guşələrində qoyulmuş büstləri şəhərin memarlıq aləminin bəzəyinə çevrilmişdi”.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed