Şrift:
ADU-da Azərbaycan və Çin silahlı qüvvələrinin ildönümü qeyd edilib
30.07.2021 [12:08] - Gündəm, Mədəniyyət
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyası çərçivəsində Azərbaycan və Çin silahlı qüvvələrinin ildönümü qeyd edilib.

ADU-dan bildirilib ki, Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 94-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyinə həsr olunmuş “Azərbaycan və Çinin silahlı qüvvələri: ərazi bütövlüyünün və suverenliyinin keşiyində” mövzusunda mühazirə oxuyub.

R.Abbasov Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi ordumuzun tarixindən söz açıb. O, bu gün Azərbaycan Ordusunun dünyanın 50 ən güclü orduları sırasında yer aldığını, eyni zamanda, regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. R.Abbasov mühazirəsində Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə düşmənin işğalında olan tarixi torpaqlarımızı azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu xüsusi qeyd edib. R.Abbasov iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin, hərbi-siyasi prioritetlərindən dünyanın müasir geosiyasi proseslərində Azərbaycan və Çinin iştirakından danışıb. O, həmçinin Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

Həmçinin milli təhlükəsizlik strategiyasının və Çinin hərbi strategiyasının əsas prinsipləri, Çin Xalq Azadlıq Ordusunun beynəlxalq əməkdaşlıq, beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımı təmin etmək tədbirlərində və anti-terror hərbi təlimlərində iştirakı haqqında ətraflı məlumat verilib. Azərbaycan kimi, Çinin də sülhməramlı missiyaların həyata keçirilməsində BMT-yə dəstək verdiyi vurğulanıb.

Qeyd edilib ki, iki ölkə arasındakı hərbi-diplomatik təmaslara Çinin Müdafiə Nazirliyi və digər güc strukturları nümayəndələrinin səfərləri ilə yanaşı, Azərbaycan müdafiə nazirinin Çin Xalq Respublikasının (ÇXR) hərbi attaşeləri ilə müntəzəm görüşləri zamanı bölgənin hərbi-siyasi problemləri, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı dəstəkləyir, Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətini dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatlarını tanıyır. Çin, həmçinin Azərbaycanın elmi və qurucu potensialından istifadə edərək, hərbi-texniki sahədə Azərbaycanla əməkdaşlığını inkişaf etdirməkdə, hərbi və ikili istifadə texnologiyalarını tanıtmaqda maraqlıdır.

R.Abbasov, həmçinin qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi, hərbi texnologiyaların inkişafına çinlilərin töhfəsi və orta əsr Çin Ordusunun ən əhəmiyyətli döyüşlərindən və "Kitabi-Dədə Qorqud" dastanındakıdakı türklərin hərbi sənətinin xüsusiyyətlərindən də söz açıb.

Mühazirə zamanı Çinin ölkəmizdəki səfirliyinin hərbi, hərbi-dəniz və hərbi-hava attaşesi, baş polkovnik Çjan Tsunqonun videomüraciəti də səsləndirilib. Çjan Tsunqo Çin Xalq Azadlıq Ordusunun tarixindən, ölkədə hərbi sahənin prioritetlərindən, milli müdafiə və orduda aparılan modernləşdirmə tədbirlərindən, Azərbaycanla əməkdaşlıqdan, perspektiv planlardan söz açıb. O, ölkələrimiz arasındakı hərbi əməkdaşlığın dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed