Şrift:
İran hökumətindən məkrli plan: Qoşaçay mahalı üç rayona bölündü
30.07.2021 [12:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yeni inzibati ərazi bölgüsünə görə, Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) mahalı Miyandab, Çaharborc və Baruq şəhərləri mərkəz olmaqla üç ayrı rayon statusu alıb.

Bu gün rəsmi olaraq Baruq şəhərinin İcra Hakimiyyəti binasının açılış mərasimi həyata keçirilib.

Mərasimdə Qoşaçayın İran parlamentindəki nümayəndəsi Mehdi İsazadə, Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari və İran prezidentinin parlamentdəki nümayəndəsi Hüseynəli Əmiri iştirak edib.

Bu gün eyni şəxslərin iştirakı ilə Çaharborc şəhərində də İcra Hakimiyyətinin açılışı olacaq.

Qoşaçay şəhərinin İran parlamentindəki nümayəndəsi Mehdi İsazadə yeni inzibati ərazi bölgüsünün hər üç şəhərin inkişafına töhfə verəcəyini bildirib.

Ancaq onun açıqlaması hakimiyyətinin mərkli planından xəbər evrir.

"Bu hər üç şəhərin inkişafına səbəb olacaq. Eyni zamanda gələcəkdə bölgədə Qoşaçay mərkəz olmaqla yeni əyalətin yaradılması işini də asanlaşdıracaq və yeni şəhərlər onun əyalətə çevrilməsində baza rolunu oynayacaq”-deyə, M.İsazadə bildirib.

Onun bu açıqlaması əsas niyyətin çoxdan planlaşdırılan Qərbi Azərbaycanı daha da kiçiltmək olduğunu göstərir.

Çaharborc və Baruqun şəhərə çevrilməsi İranın inzibati ərazi bölgüsü ilə bağlı qəbul etdiyi qanuna ziddir.

Qanunda şəhər statusu almaq üçün orada yaşayan əhalinin 80000 min nəfər olması nəzərdə tutulur. Ancaq Çaharborcun əhalisi 26000, Baruqun əhalisi isə 11000 nəfərdir.

Buna qədər Qoşaçay Urmu və Xoydan sonra Qərbi Azərbaycan əyalətinin üçüncü ən böyük rayonu idi. Bu bölgü ilə Qoşaçay əyalətin ən kiçik rayonlarından birinə çevrildi.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilməsi, onun bir neçə əyalətə çevrilməsi cəhdləri uzun illərdir davam edir.
Bundan öncə dəfələrlə Soyuqbulaq (Mahabad) və Bukan rayonlarının ayrıca əyalətə çevrilməsi ilə bağlı kürd millət vəkilləri İran parlamentində məsələ qaldırıblar.

Bu təşəbbüs azərbaycanlılar və bir neçə azərbaycanlı millət vəkili tərəfindən etirazlarla qarşılandığı üçün təşəbbüsün həyata keçirilməsi ertələnib.

Xatırladaq ki, uzun ilıərdir Şərqi Azərbaycan əyalətinin də parçalanması istiqamətində işlər aparılır.

Marağa şəhərinin ayrılaraq Marağa və ya Səhənd adı ilə ayrıca əyalətə çevrilməsi barədə təkliflər azərbaycanlıların narazılığa səbəb olub. Xüsusilə marağalılar və təbrizlilər buna sərt etiraz edir.

Əyalətin cənubunda, Urmudan 164 kilometrə məsafədə yerləşən Qoşaçay 2694 kvadrat kilometr əraziyə malikdir. Dəniz səviyyəsindən 1314 metr hündürlükdə yerləşən mahalda 250 min nəfərə yaxın insan yaşayır.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed