Şrift:
Afrikada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
10.08.2021 [15:01] - Gündəm, Sosial
Afrikada indiyədək 7 milyon 112 min nəfər COVID-19-a yoluxub.

Bu barədə məlumat yayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həmçinin qitədə 178 min 631 pasiyentin yeni növ koronavirusdan vəfat etdiyi bildirib.

Afrikada COVID-19-la bağlı vəziyyəti şərh edən ekspertlər qeyd edirlər ki, rəsmi rəqəmlər qitə ölkələrində virusun yayılması miqyasını tam əks etdirmir. Onların rəyinə görə, silahlı münaqişələrin daha da artdığı bir şəraitdə bəzi ölkələrdə pandemiya və vaksinasiya məsələləri arxa plana keçib. Təkcə Efiopiyanın Tiqray bölgəsində davam edən silahlı münaqişədə 200 min dinc insan, o cümlədən 10 mindən çox azyaşlı həyatını itirib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da Afrikada pandemiya ilə əlaqədar vəziyyətdən narahatlığını ifadə edib. O bildirib ki, hazırda ən ağır vəziyyət bu qitədədir və sentyabradək Afrika ölkələrinin 70 faizi vaksinasiya üzrə 10 faiz səviyyəsinə də çata bilməyəcək. Efiopiya mənşəli olan baş direktor diqqətə çatdırıb ki, indiyədək dünyada istifadə edilən peyvəndlərin yalnız 2 faizi Afrikanın payına düşüb və bu qitə əhalisinin yalnız 1,5 faizi peyvənd olunub.

Hazırda pandemiya ilə bağlı ən ağır vəziyyət Cənubi Afrika Respublikası, Efiopiya və Tunisdədir. Afrikanın Sahil bölgəsi ölkələrində isə virusa yoluxanların dəqiq statistikası aparılmır.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed