Şrift:
Təbriz məscidlərində Azərbaycan əleyhinə silsilə tədbirlər davam edir
31.10.2011 [13:58] - Güney Azərbaycan-Təbriz
İranın dini rəhbərliyinin təlimatı ilə keçirilən tədbirlərdə Azərbaycanın dövlət quruluşunu və müstəqilliyini təhdid edən fikirlər səsləndirilir

Təbriz şəhərinin dini müəssisələrində İranın ruhani rəhbərliyinin təlimatlarına uyğun olaraq, Azərbaycan əleyhinə tədbirlər davam etdirilir.

İran KİV-nin verdiyi məlumata görə, Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında islamçılıqla tanışlıq” mövzusunda silsilə yığıncaqlara start verilib. “Xomeyniçilər Azərbaycan Respublikasında” adlı birinci belə tədbir Təbrizin “Ayətullah Taliqani” məscidində keçirilib. Yığıncaqda ekspert Mehdi Nəlbəndi Azərbaycan tarixində İslam və şiəliyin rolu mövzusunu çıxış edərək, Azərbaycanda şiəliyin güclü olmasında İslam inqilabının və İranın keçmiş dini lideri Ayətullah Xomeyninin roluna diqqəti yönəldib.

Yığıncaqda əsas çıxışçı Azərbaycan Respublikasına qarşı ərazi iddiası istiqamətində fəaliyyət göstərən “Aran” Beynəlxalq Mədəniyyət və Tədqiqat İnstitutunun direktoru, “Aran” jurnalının redaktoru Həsən Qulu nitqini Azərbaycanın dövlət quruluşunu və müstəqilliyi təhdid edən fikirlər söyləyib. Azərbaycanı ABŞ və İsraillə əməkdaşlıqda, vəhhabiliyi və sionizmi inkişaf etdirməkdə ittiham edən H. Qulu Azərbaycanda anti-İslam və anti-İran təbliğatının sürətləndiyini də narahatlıq kimi qələmə verib: “İslami oyanış Azərbaycan Respublikasında nə vaxt başlayacaq? Azərbaycan Respublikası ölkəmizə ən yaxın İslam ölkəsi olduğu halda bu oyanışdan niyə bəhrələnə bilməyib? Bu kimi çoxlu sualların həllini tapmamasına səbəb Azərbaycanda camaat və ictimai-siyasi fəalların arasında lazımınca təbliğatın aparılmamasıdır. Azərbaycanın İrandan ayrıldığı iki əsr boyunca bu ölkədə anti-İran və anti-İslam kimi iki proqram yaradılaraq, həyata keçirilib. Sovet İttifaqı zamanı Azərbaycanda coğrafi yerlərin adları dəyişdirilib, Quran əlifbası rus və latın əlifbası ilə əvəzlənib, dil deformasiyaya uğradılıb, anti-İran və anti-İslam məzmunlu filmlər çəkilib, İslam və İranı təhqir edən şerlər yazılıb, tarix saxtalaşdırılıb, kommunistlərin dövründə isə alim və dindarlar öldürülüb, həmçinin Quran oxumağa qadağalar qoyulub. Azərbaycan müstəqillik dövründə də yenə bu iki proqram davam edir və bunun bəzi nümunələrini Azərbaycan Respublikasının İran əleyhinə olan mediasının təhlillərində görmək olar”.

H. Qulu bu xalqın mədəniyyətinin hələ də İran mədəniyyətindən tam ayrılmadığını da qeyd edib. O, Azərbaycan İslam Partiyasının rəhbərlərinin həbsinə də etiraz edib və təklif edib ki, İran əhalisi, o cümlədən təbrizlilər azərbaycanlı islamçılara mənəvi dəstək verməlidirlər.
Bu xəbər oxucular tərəfindən 2013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed