Şrift:
Şəhid Emin Məmmədovun ad günündə ona həsr edilən film nümayiş olunub
16.08.2021 [14:21] - Gündəm, Hərb
Vətən müharibəsinin qəhrəmanı şəhid Emin Məmmədovun ad günündə xatirəsinə həsr edilən film nümayiş olunub.

Şəhid Emin Məmmədovun xatirəsi Beyləqan rayon Mədəniyyət Sarayında keçirilən tədbirlə anılıb. Əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qəhrəman oğulların şücaətindən söhbət açıblar. Bildirilib ki, Azərbaycan xalqı Vətəninə, torpağına bağlı olan qəhrəmanlar yetişdirən xalqdır. Belə qəhrəmanlarımızdan biri də Emin Məmmədovdur.

Çıxışlardan sonra Emin Məmmədovun döyüşçü yoldaşları və hərbi bloger Elgün Gəncimsoyun birgə təşəbbüsü ilə ərsəyə gələn film nümayiş olunub. Filmdə şəhid Eminin həyatını əks etdirən, həmçinin onun döyüş yolundan bəhs edən səhnələr canlandırılıb.

Emin 1992-ci il avqustun 15-də dünyaya gəlib. Onun doğulduğu yerin Qəhrəmanlı kəndi, atasının adının isə Vətən olması sanki gələcəyin qəhrəmanından xəbər verirdi. Hələ uşaq yaşlarından hərbi xidmətə marağı çox idi və hərbi formaları xoşlayırdı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi olaraq Vətənin keşiyində dayandı. Bir çox xüsusi təlimləri uğurla başa vuran Emin, peşəkar snayperçi olub. O, Lələtəpə döyüşlərində də düşmənə qan uddurub. Vətən müharibəsində də elə ilk gündən döyüşə girənlər arasında yer alıb.

Şəhid anası Səbinə Cəfərova indi qəhrəman oğlu haqqında gözüyaşlı olsa da, qürurla danışır. Deyir ki, Emin atası Vətəni yox, torpağı Vətəni üstün tutdu.

Şəhid atası Vətən Məmmədov Emin kimi övladın valideyni olmaqla qürur hissi keçirdiyini söyləyir. Bildirir ki, Emin 6 il müddətində xüsusi təyinatlı hərbçi olaraq Vətən keşiyində mərd-mərdanə dayanıb. Xidməti dövründə hər zaman şücaəti ilə seçilib və bir çox fəxri fərmanlarla, medallarla təltif edilib. Açdığı dəqiq atəşlərlə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Kənd Horadiz istiqamətində gərgin döyüşlər zamanı Emin ermənilər tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” medallları ilə təltif edilib.

Şəhid Eminin ad günündə iştirak edənlər arasında döyüşçü yoldaşları da var idi. Xüsusi təyinatlı bölmənin giziri, qazi Kamran Dadaşzadə də öz qəhrəman döyüşçü yoldaşı barədə fəxrlə danışır. “Biz bu qələbəni şəhidlərimizin qanı bahasına qazandıq, onların şəhadəti torpaqlarımızı azadlığı qovuşdurdu. Bu döyüşlərdə qardaşlarımızı itirsək də, onların qisası yerdə qalması. Torpaqlarımız yağı düşməndən azad olundu. Məhz Emin kimi qəhrəmanların sayəsində Qarabağımız azad günlərini yaşayır”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed