Şrift:
QHT rəhbəri: Ağdamın, digər torpaqlarımızın bərpa olunmasında QHT-lər də üzərinə düşən işi şərəflə yerinə yetirəcəklər
17.08.2021 [15:13] - Xəbərlər, Sosial
Ağdamda olmağımızdan çox şadıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı yağı düşməndən azad edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Mənim uşaqlığım Ağdamda keçib, İmarətdə Qarabağın oyunlarına çox baxmışıq.

Avqustun 17-də Ağdamda səfərdə olan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.

QHT rəhbəri deyib: “Şükürlər olsun ki, bu günləri gördük. Qarışıq hisslər keçirirəm. Bir tərəfdən məğruruq - torpaqlarımız azad edilib, digər tərəfdən də bu yerlərin halına baxanda hansı vəhşi qəbilə ilə qonşu olduğumuzu bir daha xatırlayır və hiddətlənirik. Düşmən havadarlarının köməyi ilə bu torpaqları 30 il işğal altında saxladı. Biz bunu yaddan çıxarmayacağıq. Biz tariximizi unutmamalıyıq. Bu həqiqətləri əsrlər boyu yadda saxlamalı, özümüzdən sonrakı nəsillərə ötürməliyik. Bu, hər bir vətəndaşın, hər bir jurnalistin, hər bir QHT-nin işi olmalıdır. 1918-ci ildə olanları unutduq, 1948-1953-cü illərin hadisələrini yaşadıq. Onu da unutduq, 1988-ci ilin hadisələri ilə üz-üzə qaldıq. Onda dövlətimiz yox idi, amma indi qüdrətli dövlətimiz var və tariximizi heç zaman unutmamalıyıq. Nə bu qəhrəmanlıq dastanını, nə də erməni vəhşiliyini unutmamalıyıq. Səfərimizin məqsədi erməni vəhşiliyini gözlərimizlə görmək, bu vandalizmi müxtəlif dillərdə dünyaya çatdırmaqdır. Qoy dünya görsün ki, biz necə bir terrorizmə, soyqırımına, hansı barbarlığa məruz qalmışıq”.

O, Ağdamın tezliklə dünyanın ən gözəl şəhərlərindən biri olacağına əminliyini bildirib. “Qarabağ” komandası yenə burada futbol oynayacaq. Ağdam əvvəlkindən daha əzəmətli olacaq. Bizlər də Azərbaycan vətəndaşı, eyni zamanda, QHT olaraq hər zaman bu məsələlərdə vətəndaşlıq mövqeyindən çıxış etmişik, dövlətimizin yanında olmuşuq, Prezidentimizin siyasətini dəstəkləmişik. Buradakı quruculuq işində də yaxından iştirak edəcəyik. Ağdamın, digər torpaqlarımızın bərpa olunmasında QHT-lər də üzərinə düşən işi şərəflə yerinə yetirəcəklər. Necə ki, Vətən müharibəsində bütün Azərbaycan xalqı dəmir yumruq ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etdi, bir bayraq ətrafında birləşdi, quruculuq işləri də eyni birlik altında aparılacaq. Qarabağ dünyanın ən gözəl bölgələrindən biri, cənnət məkan olacaq”.

“Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan əsgəri qəhrəmandır, dünyanın ən güclü əsgəridir. Əsgərlərimizlə fəxr edirik! Eşq olsun Azərbaycan Prezidentinə, eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Ordusuna!”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed