Şrift:
Sərhədlərin demarkasiyasının Qarabağ məsələsinə bağlılığı - erməni məmur haqlıdırmı?
23.08.2021 [17:45] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Masadan qaçsalar da, Azərbaycan əsgəri öz öhdəsinə düşəni edir”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar formatında həll oluna biləcəyini vurğulayıb. O, Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyasının Qarabağ məsələsi xaricində baş tutacağını qeyd edib:

“Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin müzakirəsi zamanı Dağlıq Qarabağ probleminə toxunulmur”.

Armen Qriqoryan əlavə edib ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasına hazırdır, ancaq Azərbaycan buna imkan vermir.

Göründüyü kimi, Ermənistanı təmsil edən məmur sərhədlərin dəqiqləşməsi prosesində özlərinin təxribatlarını arxa plana çəkir və bunun baş tutmamasında Azərbaycanı günahkar çıxarmağa çalışır. Həmçinin qeyd edir ki, bu prosesin Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur. Erməni məmurun fikirlərini nə dərəcədə əsaslı saymaq olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu məsələlələrə birmənalı şəkildə öz münasibətini bildirib: “Bizim Qarabağ adlı problemimiz yoxdur, bununla bağlı hər hansı xarici dövlətin bizimlə anlaşmasına da ehtiyac qalmır. Orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlı bir narahatlıq vardı, o da müəyyənləşdi. Qarabağ İqtisadi Zonası yaradıldı. Həmin Zonada ermənilər başqa etnoslar kimi bərabərhüquqlu yaşayış imkanı əldə ediblər. İstəyənlər digər vətəndaşlarımız kimi yaşayıb-yaradacaqlar. Son zamanlar orada yaşayanlardan müəyyən təkliflər alırıq. İş, vətəndaşlıq istəyənlər var. Belə müraciətləri biz lazımi səviyyyədə qaydasına salacağıq. Delimitasiya ilə demarkasiya məsələsi xarici dövlətlər arasında olan sərhədin müəyyənləşməsidir. Biz inzibati ərazimizdə rayonlar arasında hansısa sərhəd çəkmirik və ya hansı rayonun hansı iqtisadi zonaya aid olmasını kiminləsə məsləhətləşərək müəyyən etmirik. Bu prosesə daima Ermənistan mane olub. Paşinyan elan edir ki, sərhəddəki ordunu geri çəkib, yerinə sərhəd qoşunlarını yerləşdirəcəklər. Sual yaranır: o sərhədçiləri hansı postlara yerləşdirəcək və onların missiyası nədən ibarət olacaq? Adam hələ də öz dövlətinin sərhədlərini dəqiq müəyyənləşdirə bilmir. Hesab edirlər ki, BMT-nin müəyyən etdiyi şərtlərlə onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaq zorunda qalırlar. Buna görə də istəyirlər ki, məsələni kompleks şəkildə öz xeyirlərinə həll etsinlər. Münaqişə bitib, nə qədər sərhəddə atəşi pozsalar da, bu artıq yeni situasiyadır. Rusiya, Gürcüstan, İranla Azərbaycan sərhədində atışma olarsa, bunun Ermənistanla sərhəddə baş verəndən fərqi yoxdur. Bütün hallarda, iki dövlətin sərhədində baş verən insident kimi nəzərdən keçiriləcək. Azərbaycanın da tam haqqı var ki, ölkəmizi təhdid edən nöqtələri susdursun”.

Partiya sədrinin sözlərinə görə, ermənilər istəsələr də, bu məsələni geriyə apara bilməzlər: “Çünki artıq məsələni həll etmişik. Masadan qaçsalar da, Azərbaycan əsgəri öz öhdəsinə düşəni edir. Ölkə Prezidenti də açıq şəkildə bildirdi ki, biz lazım olan yerdə durmuşuq, bundan sonra da dayanacağıq. Ermənistan rəsmisinin nə deməsindən asılı olmayaraq, sərhədlərin müəyyənləşməsi BMT-nin tanıdığı formada müəyyənləşəcək. Bizim üçün ermənilərin bu barədə nə düşündüyü maraqlı olmamalıdır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed