Şrift:
Türkiyə şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirəcəyi modernləşdirmə layihələrində iştirak edəcəklər
31.10.2011 [14:04] - Hərb
BTR və BMP tipli zirehli transportyorların modernizasiyası ilə bağlı Azərbaycan tərəfinin başladığı proqramda iştirakla bağlı danışıqlar davam edir

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirəcəyi modernləşdirmə layihələrində Türkiyə şirkətləri də iştirak edəcəklər. Bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib.

Türk şirkətlərinin Azərbaycan Silahlı Qüvvələrinin və güc strukturlarının həyata keçirəcəyi texniki modernləşdirmə layihələrində iştirakına dair məsələ bu ölkənin müdafiə naziri İsmət Yılmazın oktyabrın ortalarında Bakıya səfərində müzakirə olunub və Azərbaycan tərəfindən müsbət rəy verilib.

Artıq bir neçə Türkiyə şirkəti BTR və BMP tipli zirehli transportyorların modernizasiyası ilə bağlı Azərbaycan tərəfinin başladığı proqramda iştirak üçün danışıqları davam etdirir.

Bununla yanaşı türk şirkətləri sərhədlərin elektron mühafizəsi ilə bağlı layihədə də iştirak etməyə hazırlaşır. Artıq bir neçə türk şirkəti – «Ekin Texnology», «Yüksel Savunma» və ASELSAN bununla bağlı oktyabrda Bakıda görüşlər keçirib və təqdimatlar edib.

Qeyd edək ki, indiyə kimi Türkiyə şirkətləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrində bir neçə əhəmiyyətli modernləşdirmə layihələri reallaşdırılıb. Türk şirkətləri Hərbi Hava Qüvvələrinin Komanda Mərkəzinin, hərbi məktəblərdə tədris bazasının modernləşdirilməsini, ayrı-ayrı hərbi qurumlar üçün müasir poliqonların, Bakıda Şəhər Nəzarət və İzləmə Sisteminin qurulmasını həyata keçiriblər.
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed