Şrift:
Masallıda tədbir: Böyük qayıdışın ilk addımları
25.08.2021 [09:57] - Hərb
Masallı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Böyük qayıdışın ilk addımları” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadənin mövzuyla bağlı məruzəsi dinlənilib.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhərəmanlıqlarından danışan G.Vəkilzadə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında evləri, ictimai binaları, o cümlədən məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edərək dağıdıb, yandırdıqlarını vurğulayıb.

Qeyd olunub ki, qəbiristanlıqlar, tarixi-mədəni abidələrimiz erməni vandalizminə məruz qalıb. Kəndlərimiz, qəsəbələrimiz və şəhərlərimiz 30 il davam edən işğal dövründə erməni vandallığının qurbanı olub.

Diqqətə çatdırılıb ki, ötən ilin payızında Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Ağdam, Füzuli, Cəbrayıl şəhərlərindən demək olar ki, əsər-əlamət qalmayıb, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.

Prezident İlham Əliyevin apardığı düşünülmüş, uğurlu iqtisadi-siyasəti sayəsində tezliklə bu torpaqlar öz tarixi və əzəli-əbədi sakinlərinin yenidən yaşayış məskəninə çevriləcək.

Dövlətimizin başçısının göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimizlə yanaşı, Cəbrayıl, Ağdam, Füzuli və Qubadlı rayonlarının ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Bu xəbər oxucular tərəfindən 1727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed