Şrift:
Kamran Musayev: Cərrahi əməliyyat keçirib-keçirməməsindən asılı olmayaraq, ürək-damar xəstələrinin hamısı peyvənd vurdura bilərlər
26.08.2021 [13:35] - Gündəm, Sağlıq
Son günlər ürək-damar xəstələrindən yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurdurub-vurdurmamaqla bağlı suallar daxil olur. Bildirmək istəyirəm ki, cərrahi əməliyyat keçirib-keçirməməsindən asılı olmayaraq, ürək-damar xəstələrinin hamısı peyvənd vurdura bilərlər. Ötən iki il ərzində koronavirusa hamının yoluxma ehtimalı olduğunu, lakin bəzi qrupların onu daha ağır keçirdiyini öyrəndik. Ağır keçirən qruplar risk qrupları adlanır. Təəssüf ki, risk qrupları siyahısının ilk pilləsində ürək və damar xəstələri dayanırlar. Bu, istər əməliyyat olunmuş, istərsə də əməliyyat olunmamış olsun, fərq etmir. Əgər bir şəxsdə ürək və damar xəstəliyi varsa və ya nə vaxtsa həmin xəstəliyi keçiribsə, bu o deməkdir ki, koronavirusa yoluxduğu zaman ürək və damar xəstəlikləri olmayanlara nisbətən onun COVID-19-u daha ağır keçirmə ehtimalı çoxdur. Həmin xəstələr koronavirusa yoluxan zaman onlar arasında ağırlaşma və ölüm faizi digərləri ilə müqayisədə daha yüksək olur.

Bunu tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev deyib.

Professor, həmçinin bildirib: “Hazırda xəstəxanalarda COVID-19-a görə müalicə alan xəstələrin 96-97 faizi məhz peyvənd olunmayanlardır. Peyvənd 100 faiz qorumur. Lakin hazırda dünyada, o cümlədən ölkəmizdə “delta” ştamının olduğu dövrdə koronavirusdan ölən xəstələr arasında demək olar ki, vaksinasiyadan keçənlər yoxdur. Bu, peyvəndin kifayət qədər effektiv olduğunun göstəricisidir. Ona görə də hər kəsi, xüsusilə ürək-damar xəstələrini vaksinasiyada aktiv iştiraka dəvət edirəm.

Məlum məsələdir ki, peyvəndlərin əks-göstəriş olduğu məqamlar var. Qeyd etmək istəyirəm ki, ürək-damar xəstəlikləri arasında koronavirus əleyhinə vaksinə əks-göstəriş olan bir hal yoxdur”.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed