Şrift:
Paşinyan “Qarabağı azad etməyi” hökumət proqramından çıxardı...
26.08.2021 [23:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu o deməkdir ki, Paşinyan hakimiyyəti bu dildə Azərbaycanla danışmağın mümkün olmadığını anlayır”

Məlum olduğu kimi, Ermənistanın baş naziri rəhbərlik etdiyi hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını açıqlayıb. Proqram 6 bölmədən ibarətdir. Bunlar "Təhlükəsizlik və Xarici siyasət", "İqtisadiyyat", "İnfrastrukrun inkişafı", "İnsan kapitalının inkişafı", "Hüquq və Ədalət" və "İnstitusional inkişaf" bölmələridir.

Proqrama görə, Ermənistan hazırkı xarici siyasət kursunu davam etdirəcək, Rusiya ilə strateji müttəfiqlik əlaqələrini, ABŞ, Fransa, eləcə də Avropa İttifaqı, qonşu İran və Gürcüstanla yüksək səviyyəli əlaqələrini gücləndirərək. Tədricən peşəkar orduya keçid planlaşdırılır və yüksək atəş gücünə malik mobil bölmələr yaradılacaq və s. Bu arada Ermənistan parlamenti hökumətin beş illik fəaliyyət proqramını qəbul edib. Proqramın lehinə 107 deputatdan 70-i səs verib. Müxalifət səsvermədə iştirak etməyib.

Diqqəti çəkən məqam odur ki, Ermənistan hökumətinin 2021-2026-cı il proqramına “Qarabağın azad edilməsi” məsələsi daxil edilməyib. Hansı ki, Paşinyan seçkiqabağı təşviqat kampaniyasında bununla bağlı vədlər verib sərsəmləmişdi. Proqram parlamentdə müzakirə edilərkən bu məsələ qaldırılıb. Parlament iclasında müxalif deputat Kristina Vardanyan soruşub ki, “Burada Şuşa və Hadrutun Azərbaycan tərəfindən işğal edildiyini deyə bilərsiniz?”. Paşinyan bu haqda heç nə deməyib, qısaca bildirib ki, “Kristina, sən vətənpərvər qızsan”. Görünən odur ki, Azərbaycan ordusunun zərbəsi Paşinyana necə dərs olubsa, artıq o məlum sərsəm fikirləri proqrama salmağa cəsarət etməyib.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?


“Onların bu gedişi riyakar xarakterli də ola bilər və buna biz hər zaman hazır olmalıyıq”

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, bu, işğalçı tərəfin Qarabağla bağlı bəzi reallıqları qəbul etməsindən irəli gəlir: “Əvvəla, Qarabağ Azərbaycan Ordusu tərəfindən azad edilib. Ermənistan öz dövlət proqramına Qarabağın işğalı ilə bağlı nəsə daxil edə bilər, azadlığı ilə bağlı yox. Ermənilər xəstə təfəkkürə malikdirlər. Ermənistanın Konstitusiyasında Türkiyə və Qarabağla bağlı iddialar var. Onlar referendum keçirib bunu dəyişməlidirlər. Hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramına gəldikdə isə, orada Azərbaycanın mənafeyinə uyğun olmayan məqamlar var. Ancaq buna baxmayaraq, sözügedən proqramda real baxışların əks olunması və başqa torpaqlara iddianın göstərilməməsi o deməkdir ki, Ermənistan hakimiyyəti bu dildə Azərbaycanla danışmağın mümkün olmadığını anlayır. Ona görə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yaranmış yeni reallıqlarla barışmalıdırlar. Qonşularla, xüsusən də Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdırlar. Ermənistanın inkişafı yalnız bu cür ola bilər. Yoxsa onlar təhdid ölkəsi kimi qalacaqlarsa, təbii ki, Azərbaycan və Türkiyədən adekvat münasibət görəcəklər. Ona görə də Nikol Paşinyan seçki zamanı cəmiyyəti yoxladı. Gördü ki, Ermənistan cəmiyyəti müharibə istəmir. Bu səbəbdən müharibə təmsilçiləri olan Köçəryan və Sarkisyana deyil, məğlub Paşinyana səs verdilər. Paşinyan görür ki, Ermənistan cəmiyyəti müharibə istəmir və o səbəbdən fəaliyyət proqramına daha real məqamlara söykənən fikirlər daxil edir. Fikrimcə, bu normaldır. O da var ki, Ermənistanın bu gedişi riyakar xarakterli də ola bilər. Buna da biz hər zaman hazır olmalıyıq. Yəni biz Ermənistandan hər zaman düşmənçilik gözləməliyik. Şərtlər dəyişsə və onlar güclü olsa, hər an bizə qarşı aqressiv müdaxilə ola bilər”.

Ona görə də partiya sədri hesab edir ki, Azərbaycan öz milli birliyini hər zaman qorumalıdır.

Vidadi ORDAHALLI/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed