Şrift:
Bu gün səhər saatlarında Ağdamda avtomobil təmiri sexində partlayış baş verib.
14.12.2012 [14:56] - Xəbərlər, Hadisə
APA-nın Qarabağ bürosu xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Samir Şafiq oğlu Quzanlı qəsəbəsində nəqliyyat vasitələrinin təmir olunduğu tikilinin yanında qızınmaq üçün ocaq qalayıb.

Yaxınlıqdakı kimyəvi maddələrin saxlanması üçün nəzərdə tutulan boş çəlləyin alovlanması güclü partlayışa səbəb olub. Partlayış nəticəsində xəsarət alan Samir Qurbanov yaxınlıqdakı sakinlərin köməkliyi ilə dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan S. Qurbanovun vəziyyəti həkimlər tərəfindən orta ağır dəyərləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış çox güclü olub. Əvvəllər içərisində yanacaq və sürtgü yağları saxlanmış dəmir çəlləyin istilikdən partladığı ehtimal olunur. Partlayış zamanı sexdə təmirə dayanmış nəqliyyat vasitəsi və işləyən adam olmadığından digər zərər çəkən olmayıb.

Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində 6 kv.m sahədə məişət tullantıları və yağ çəlləyi yanıb. Yağ çəlləyi yanarkən partlama hadisəsi baş verib və yoldan keçən 1 nəfər yanıq xəsarətləri alıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed