Şrift:
İran rejimi bir neçə tanınmış milli fəalı həbs edilib
14.12.2012 [16:57] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 67-ci ildönümü ərəfəsində növbəti kütləvi həbslər həyata keçirilib. Belə ki, dekabrın 8-dən başlayaraq bir neçə tanınmış fəal — Mehdi Həmidi Şəfiq, Həsən Ərk, Əhməd Riyazi Mübarək, Əzizullah Purvəli və Mehdi Nuri həbs edilib.
Mehdi Həmidi Şəfiq dekabrın 8-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Təbrizdəki evində tutulub. Ötən il sentyabrın 2-də Urmiya gölüylə bağlı keçirilən etiraz aksiyasında həbs edilən azərbaycanlı fəal hakimiyyət əleyhinə fəaliyyətdə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda ittiham edilib. Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən Mehdi Həmidi Şəfiq 21 ay azadlıqdan məhrum edilib. Məhkəmə qərarının icrası üçün azərbaycanlı fəal yenidən həbs edilib. Onun hazırda Təbriz həbsxanasında olduğu bildirilir. Bundan əlavə, həmin gün Təbriz şəhərində daha bir tanınmış azərbaycanlı fəal Həsən Ərk də həbs olunub.
Eyni zamanda dekabrın 10-da başqa bir tanınmış azərbaycanlı fəal Əhməd Riyazi Mübarək həbs edilib. O, 9 aylıq həbs cəzasını çəkməsi üçün Təbriz həbsxanasına salınıb. Əhməd Riyazi Mübarək 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Urmiya gölündəki ekoloji fəlakəti müzakirə edərək çıxış yolu axtarmaq üçün toplanmış digər azərbaycanlı fəallarla birgə həbs edilib. Onun evində axtarış aparıb, azərbaycanlı fəala məxsus bir çox şəxsi əşya, CD, kompüter və kitablar müsadirə olunub. Bundan başqa, həmin gün daha bir tanınmış azərbaycanlı fəal Əzizullah Purvəli həbs olunaraq Təbriz həbsxanasına salınıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində həbs olunanlardandır. Eyni zamanda başqa bir tanınmış azərbaycanlı fəal Mehdi (Elman) Nuri də həbs olunaraq Təbriz həbsxanasına salınıb.
Qeyd edək ki, 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində həbs olunmuş digər azərbaycanlı fəallar — Cəmşid Zarei, Tağı Sələhşur və Vahid Şeyxbəylidən də təslim olaraq həbs cəzalarını çəkmələri tələb olunub.

CPJ illik hesabat yayıb

İranda 45 jurnalist həbsdədir

Jurnalistləri Müdafiəsi Komitəsi (Committee to Protect Journalists — CPJ) dünyada jurnalist həbslərilə bağlı illik hesabat yayıb. CPJ hesabatında 2012-ci ildə dünyada jurnalist həbsinin rekord saya çatdığını bildirib. Sənəddə ən çox jurnalistin həbs edildiyi ölkələrin siyahısı açıqlanıb. 45 jurnalistin həbs edildiyi İran siyahıda ikinci yerdədir. Hesabatda yazılıb ki, İranda 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərindən indiyədək jurnalistlərə təzyiqlər davam edir: «Həbs edilənlər arasında İran Qadınlar Klubu internet saytının redaktoru Jila Bəniyaqub da var. Bir il azadlıqdan məhrum edilən jurnalist 2009-cu il seçkilərində rejimə qarşı yazdığı məqalələrinə görə həbs edilib. Onun həyat yoldaşı Bəhman Əhmədi Əmui də dövlətə qarşı fəaliyyətdə ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib». CPJ hesabatının İranla bağlı hissəsində həbsdə ölən iranlı bloqqer Səttar Behişti haqqında da yazıb. Bildirilib ki, İranın milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham edilən bloqqer həbsindən bir neçə gün sonra ölüb: «Bloqqerlə birgə həbsdə olan məhkumlar 35 yaşlı Səttar Behiştinin istintaq zamanı döyüldüyünü, mütəmadi olaraq ölümlə təhdid edildiyini, qollarından və ayaqlarından asıldığını söyləyiblər».
CPJ-nin Şimali Afrika və Orta Şərq ölkələri üzrə əlaqələndiricisi Şərif Mənsur hesabatla bağlı deyib: «Bizim komitə 2010-cu ildə İranda 34 jurnalistin, 2011-ci ildə isə 42 jurnalistin həbsə salındığını qeydə alıb. 2012-ci ilə bu rəqəm 45 nəfərə çatıb. Bu isə İranda jurnalistlərin tutulub həbsə salınması hallarının genişləndiyini göstərir. İranda internetə süzgəc qoyulmasıyla yanaşı, jurnalistlərə zorakılıq tətbiq edilməsi də müşahidə olunur».

İran prezidentindən etiraf

Mahmud Əhmədinejad: «İranda da bəziləri nüvə probleminin həll olunmasını istəmir»

İran prezidenti Mahmud Əhmədinejad dekabrın 12-də jurnalistlərə açıqlamasında ölkənin nüvə proqramından və Qərbin İrana təzyiqindən danışıb. O deyib ki, İran nüvə məsələsinin həlli üçün Qərblə əməkdaşlığa hazırdır: «Biz deyirik ki, əgər dünyada nüvə arsenalının və kütləvi qırğın silahlarının məhvini istəyiriksə, hamımız əl-ələ verib bu sahədə birgə çalışmalı, bir-birimizlə əməkdaşlıq etməliyik. Biz onlara (Qərbə) deyirik ki, uranı zənginləşdirmək işində gəlin bizimlə əməkdaşlıq edin. Bu hamının xeyrinədir. Bizim bundan heç bir çəkinəcəyimiz yoxdur. Bizim siyasətin məqsədi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etməkdir. Biz bu günə qədər də agentliklə maksimum əməkdaşlıq etmişik. Bundan sonra da belə olacaq. Lakin bəziləri güman edir ki, zorakılıqla dünyanı idarə edə bilərlər. Onlar bizə təzyiq də göstərə bilərlər. Ancaq bir şey var ki, bu kimi hərəkətlər nəticə vermir. Çünki dünya ictimaiyyəti buna reaksiya verəcək. Təəssüflər olsun ki, İranda da bəziləri ölkənin nüvə probleminin həll olunmasını istəmir, bunda maraqlı deyillər. Onlar hesab edirlər ki, nüvə məsələsilə bağlı vəziyyət indiki kimi qalsa, daha yaxşıdır».

Sanksiyalar İran gəmilərinə təhlükə yaradır

İran Dənizçilik və Limanlar Təşkilatının sədr müavini Əli Əkbər Mərzban Qərb sanksiyalarının İran gəmilərinin təhlükəsizliyinə təsirindən danışıb. O deyib ki, beynəlxalq sanksiyalar İran gəmilərinin təhlükəsizliyini təhdid edir: «Son aylarda bəzi dövlətlərin istər birbaşa, istərsə də dolayı yolla həyata keçirdiyi tədbirlər İranın ticarət gəmiçiliyini əsassız və ədalətsiz məhdudiyyətlərlə üz-üzə qoyub. Təəssüflər olsun ki, bu sanksiyalar İran gəmiçilik sənayesinin normal fəaliyyətinə xələl gətirib və onun beynəlxalq təhlükəsizliyinə mənfi təsir edib».
Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed