Şrift:
Azərbaycan əhəmiyyətli tranzit ölkəsinə çevriləcək
08.09.2021 [14:01] - Xəbərlər, İqtisadiyyat
Bu gün İranın Çabahar limanı vasitəsilə Hindistan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin dəyəri 11 milyard dollar təşkil edir.

Bu barədə Çabahar Azad İqtisadi Zonasının baş direktoru Əbdülrəhim Kordi mətbuata verdiyi açıqlamada deyib.

O bildirib ki, Çabahar limanı Cənub-Şərqi Asiya ölkələrinin ticarət dövriyyələrinin artırılması üçün böyük imkanlar yaradıb. Bu ölkələr Çabahar limanı vasitəsilə yeni bazarlara çıxış əldə edə bilərlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeni bazarlara çıxış üçün nəqliyyat dəhlizindən istifadə etmək zəruridir. Bu dəhliz isə bildiyimiz kimi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Məlum olduğu kimi adı çəkilən dəhlizin 3 seqmenti var. Bunlar avtomobil, dəmir və dəniz yollarıdır. R.Kordinin qeyd etdiyi kimi hazırda Hindistan ilə Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 11 milyard təşkil edir. Yüklər İrandan tranzit olaraq Xəzər dənizi vasitəsilə Rusiyaya daşınır. Hindistanın Mumbayi limanından yüklər Çabahar limanına daxil olur, buradan yük maşınları ilə Ənzəli limanına daşınır və bir daha gəmilərlə yüklənərək Rusiyanın Astarxan limanına yola salınır. Göründüyü kimi ixrac malları bir neçə dəfə yüklənməyə məruz qalır. Bu vəziyyət vaxt itkisi ilə yanaşı maliyyə xərclərinin artmasına da səbəb olur və sərfəli yükdaşıma hesab edilmir. Odur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin aktual xarakter alması üzə çıxır. Təsadüfi deyil ki, R.Kordi yaxın gələcəkdə Rusiya, Hindistan və İranın nümayəndələrinin bir araya gələrək konfrans keçirəcəklərini bildirib. Konfransada yüklərin daha rahat və tez çatdırılması məsələsi müzakirə ediləcək.

Hindistan ilə Rusiya arasındakı nəqliyyat əlaqəsinin ən optimal və rahat istiqaməti Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yoludur. Konfransda bu yolun tezliklə istismara verilməsi də müzakirə obyekti olacaq. Bu dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxildir və yüklərin daşınması üçün rahat, ucuz və vaxt qənati baxımından əlverişlidir. Rusiyaya ixrac olunan yüklər Hindistanın Mumbayi limanından İranın Çabahar limanına daxil olur, buradan isə qatara yüklənərək Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Rusiyaya (Moskva, Sankt-Peterburq) çatdırılır. Göründüyü kimi təkrar yükləmə və təkrar gömrük yoxlamalarına məruz qalmır. Eyni zamanda, vaxta və nəqliyyat xərcinə kifayət qədər qənaət olunur.

Hələlik, yolun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan çoxdandır ki, Cənubdan daxil olan tranzit yüklərini qəbul edib yola salmağa hazırdır. İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətləri birləşdirilib. Bakı-Astara magistral yolu yenidən beynəlxalq standartlara uyğun olaraq inşaa edilib. Bakı Limanının da yükaşırma imkanları artırılıb. Hindistan ilə Rusiya arasındakı 11 milyard dollarlıq ticarət dövriyyəsinin 10 faizi Azərbaycan ərazisindən tranzit olaraq daşınarsa, ildə dövlət büdcəmizə 1-1,5 milyard dollar həcmində tranzit gəlirlər daxil ola bilər.

Hindistanın və Rusiyanın Çabahar limanına diqqət göstərməsi onu deməyə əsas verir ki, dəmir yolunun inşası da sürətləndiriləcək. Bu, yaxın gələcəkdə Hindistan və Rusiya ilə yanaşı, Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında da yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsinə səbəb olacaq.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed