Şrift:
30 il sonra Ermənistan üzərindən Naxçıvana ilk təyyarə - təhlükəsizlik təminatı nə qədərdir?...
10.09.2021 [12:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bundan sonra da Azərbaycanın bütün tələblərini gülə-gülə yerinə yetirməkdən başqa çarələri qalmır”
Türk Hava Yollarının Naxçıvan-Gəncə reysi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət istifadə olunan Ermənistanın hava məkanı üzərindən keçən uçuş marşrutu ilə həyata keçirilib. Bu barədə AZAL-dan bildirilib.

Qeyd edək ki, xarici aviaşirkətlər də ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava marşrutları üzrə Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan hava limanlarından digər hava limanlarına uçuşlar həyata keçirir. Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan hava limanlarına kommersiya aviauçuşları üçün heç bir məhdudiyyət yoxdur. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olması və qarşılıqlı maliyyə hesabatlarının aparılmaması səbəbindən AZAL Ermənistanın hava məkanından keçən marşrutlar üzrə uçuşlar həyata keçirmir. Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib. Türk Hava Yollarının Boeing -737 təyyarəsi sentyabrın 4 -də Gəncə-Naxçıvan reysini həyata keçirib. Uçuş vaxtı 35 dəqiqə təşkil edib. Flight Radar resursunun məlumatına görə, təyyarənin marşrutu Göyçə gölü və Ermənistanın Geqarkunik bölgəsi üzərindən keçib.

Bir sıra beynəlxalq ekspertlər hesab edir ki, bu hadisə, İrəvanın qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini göstərir. Ermənistanın bu adımını necə qiymətləndirmək olar və Azərbaycanın həmin ölkə üzərindən həyata keçirəcəyi uçuşları təhlükəsizlik baxımından etibarlı saymaq olarmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür mülki uçuşların təhlükəsizliyinə zəmanət var: “Ermənistan hər hansı bir təxribatı törətmək gücündə deyil. Xüsusilə də mülki aviasiya ilə bağlı yarada biləcəyi qalmaqalın bədəlini daha ağır ödəyə bilər. Çünki istəsə də, bunun nəticələrinə qatlaşa bilməz. Biz nəyisə onlardan yalvarıb almırıq. Nə varsa, zorumuzla, gücümüzlə almışıq. Onlar bununla hesablaşmağa məcburdur. Hava məkanını açmaq Ermənistanın öz maraqlarına daha çox cavab verir. Artıq Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından, “Zəngəzur dəhlizi”ndən açıq danışmağa başlayıb. Açıq ifadə edir ki, kommunikasiyaların bərpasına Ermənistanın ehtiyacı var. Ermənistanın daxili auditoriyasında radikal çağrışların mənasız olduğu öz təsdiqini tapıb. İqtisadi vəziyyət pisləşir, bahalaşma var. Paşinyan anlayır ki, radikal kəsimin əlinə oynamaqdansa, çətinlik çəkənlərin vəziyyətini dəyişmək lazımdır. Bunun da yolu açılımlardan keçir. Buna görə də, belə fikirləri açıq ifadə etməyə başlayıb. Rusiya onu məcbur etdi ki, demarkasiya və delimitasiyadan yayınsın, ancaq bizim ordumuz onu yaxaladı. Sərhədin lazım olan yerlərlərinə nəzarətimizi təmin etdik. Biz onlara fikir vermədən onsuz da işimizi görürük. Dəhlizin açılması ilə bağlı tələbimizi də sərt şəkildə qoyuruq. Gorus-Qafan yolunun bağlanıb, sonra açılması ilə onlara lazım olan dərsi verdik. Ermənistan artıq Azərbaycan və Türkiyənin verdiyi təklifləri qəbul etmək zorundadır. Sadəcə, buna don geyindirir ki, güya onlar da bölgənin inkişafında maraqlıdırlar, sülhsevərdilər. Bütün bunları onlar məcburiyyətdən doğaraq edirlər. Bundan sonra da Azərbaycanın bütün tələblərini gülə-gülə yerinə yetirməkdən başqa çarələri qalmır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed