Şrift:
Minskdə Azərbaycanın milli dəyərləri təbliğ edilib
16.09.2021 [10:33] - Gündəm, Mədəniyyət
Belarusun paytaxtı Minsk şəhərində Şəhər günü münasibətilə bayram mərasimi keçirilib

Tədbir Belarusda yaşayan müxtəlif millətlərin sərgi təşkil etdiyi “Yuxarı şəhərdə” baş tutub.

Mərasimdə Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə diasporumuz da iştirak edib. Bayram tədbirində Azərbaycan diasporunun nümayəndələri mədəniyyətimizi, milli geyimlərimizi, mətbəximizi yerli sakinlərə təqdim ediblər. Azərbaycanla bağlı sərgidə paxlava, şəkərbura, badambura və digər şirniyyatlar, həmçinin milli atributlar, jurnallar, kitablar nümayiş olunub.

Qonaqlar böyük sevinc və maraqla Azərbaycan sərgisini izləyib, milli mətbəximizin təamlarından dadıblar. Mərasim iştirakçıları Belarusdakı Azərbaycan diasporunun fəaliyyəti ilə maraqlanıblar. Yerli sakinlərə Azərbaycan-Belarus dostluğu, ölkələrimiz arasında iqtisadi-mədəni əlaqələr, bu ölkədə diasporumuzun fəaliyyəti haqqında məlumat verilib.

Tədbir Azərbaycan diasporunun Belarusda fəaliyyət göstərən “Sarı gəlin” və “Odlar yurdu” ansambllarının çıxışı ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed