Şrift:
Xalq artisti, professor Ramiz Quliyevin müəllifi olduğu yeni iki dərs vəsaiti işıq üzü görüb
17.09.2021 [14:13] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Respublikasının Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin müəllifi olduğu yeni iki dərs vəsaiti işıq üzü görüb.

İki tar və fortepiano üçün işlənmiş iki cilddən ibarət məcmuələr müəllifin 45 ildən artıq pedaqoji fəaliyyətdə olduğu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 iliyinə həsr edilib. Birinci cilddə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Həsən Rzayev, Azər Rzayev, Qəmbər Hüseynli, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Arif Məlikovla bərabər Məmmədxan Adil-Gəray, Fərhad Bədəlbəyli və Sərdar Fərəcovun əsərləri də yer alıb. Məcmuənin ikinci cildində isə dünya musiqi klassikasının ən parlaq nümunələri – Volfqanq Amadey Mosart, Frans Şubert, Coakkino Rossini, Frederik Şopen, İohannes Brams, Antonin Dvorjak, Edvard Qriq, Jorj Bize, Mixail Qlinka, Anton Rubinşteyn, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov, Karl Mar və bu yaxınlarda dünyasını dəyişmiş məşhur yunan bəstəkarı Mikis Teodorakisin əsərləri işıq üzü görüb.

Əsərlərin böyük qisminin tarda ilk ifaçısı və redaktoru olan professor Ramiz Quliyev müxtəlif bəstəkarların stilistik xüsusiyyətlərini yüksək müasir ifaçılığın tələblərinə uyğun səviyyədə milli alətimiz üçün köçürülməsinə nail olub. Kitablarda olan əsərlərin iki tar ilə yanaşı, eyni zamanda, kamança, qanun və digər xalq çalğı alətlərində də istifadə olunması mümkündür. Kitabların ali, orta ixtisas musiqi məktəb tələbələri və ibtidai musiqi təhsili müəssislərində tədris-pedaqoji və eləcə də konsert-ifaçılıq repertuarı kimi istifadə olunması nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, tarzən Ramiz Quliyev əvvəlki illərdə çap olunmuş “Tar ifaçılığı antalogiyası”nda daxil olan 10 not məcmuəsinin müəllifidir .
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed