Şrift:
“Azəri-Çıraq-Günəşli” 4 milyardıncı barel neft hasilatı ilə 27-ci ildönümünü qeyd edir
20.09.2021 [13:40] - Xəbərlər, İqtisadiyyat
Sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı daha bir şanlı səhifə yazdı – yataqdan 4 milyardıncı barel neft hasil edildi. Sentyabrın 20-də qeyd etdiyimiz AÇG-nin 27-ci ildönümünə və “Neftçilər Günü”nə bundan daha yaxşı hədiyyə ola bilməzdi. Bu əlamətdar hadisə həm də AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli üçün yazdığı məxsusi məqaləsində deyib. Həmin məqaləni təqdim edirik.

Sentyabrın 20-si təkcə Azərbaycanın neft-qaz sənayesində çalışan insanlar üçün yox, bütün ölkə üçün həqiqətən də əlamətdar bir tarixdir. 27 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında imzalanan və sonradan ulu öndər Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” adlandırılan saziş, həqiqətən də, möhtəşəm bir tarix yazdı.

Bu, Azərbaycanın ilk müstəqil enerji müqaviləsi idi və Azərbaycan bu müqavilə sayəsində yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevriləcəyinə inanaraq onu imzalamışdı. Amma müqavilə gözlənildiyindən də möhtəşəm oldu. O, ölkənin tarixində bir dönüş nöqtəsinə çevrildi.

Azərbaycan xalqı üçün inanılmaz faydalar, böyük həcmli gəlirlər, on minlərlə iş yeri, dünya səviyyəli infrastruktur və bacarıqlar təmin etməklə yanaşı, müasir texnologiya və sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə qabaqcıl sənaye standartlarına əsaslanan bu ilk müqavilə ölkənin misilsiz dirçəlişinin və iqtisadi inkişafının təməlini qoydu. O, həmçinin Xəzəri dünyanın ən mühüm enerji istehsalı mərkəzlərindən və texnologiya baxımından ən qabaqcıl regionlarından birinə çevirdi.

Yataqda hasilat 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından başlayıb. Bu tarixi hadisə noyabrın 12-də “Çıraq” platformasında ulu öndər Heydər Əliyev tərəfindən rəsmi surətdə qeyd olunub. O, həmin hadisəni öz uzaqgörən siyasətinə əsaslanan strategiyanı reallığa çevirmiş bir nailiyyət kimi qiymətləndirmişdi.

Həmin vaxtdan bəri “Çıraq” böyük bir tarix yazıb. İndi də - 24 il sonra yüksək texnologiyalı yeddi müasir platforma ilə birlikdə tarixi “Çıraq” platforması AÇG yatağından hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməsində böyük rol oynamağa davam edir.

AÇG-nin möhtəşəm nailiyyətlərini nümayiş etdirən əsas faktlardan bəzilərini sadalamaq istərdim: Layihə çərçivəsində 40 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 50 milyard kubmetr səmt qazı Azərbaycana təhvil verilib, 3,7 milyard barel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilib, 4850 tankerə yüklənib və dünya bazarlarına göndərilib, ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə 140 və ətraf mühiti mühafizə etmək üçün dəniz, quru və sahilyanı ərazilər üzrə 286 monitorinq tədqiqatı aparılıb, 94 milyon ABŞ dolları həcmində vəsait davamlı inkişaf layihələrinə xərclənib.

Çox məmnunuq ki, operator olaraq, BP şirkəti növbəti otuz il ərzində də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etmək üçün hökumət, SOCAR və digər tərəfdaşlarla sıx əməkdaşlığını davam etdirəcək.

Bu əlamətdar gündə bu il 25 ili tamam olan “Şahdəniz”i də qeyd etmək istərdim.

Hamımıza məlumdur ki, “Şahdəniz” Azərbaycanın ən böyük qaz yatağıdır. Amma onun dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilən ən böyük və ən mürəkkəb layihələrdən biri olduğunu heç də hamı bilmir. Bu, həqiqətən, nəhəng bir yataq və möhtəşəm bir işlənmə layihəsidir.

“Şahdəniz”ə aid hər şey heyrətamizdir. 25 il əvvəl hasilatın pay bölgüsü sazişini imzalayanda təxmin edə bilməzdik ki, cəmi üç il sonra, yəni 1999-cu ildə layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri açılacaq. İlkin hesablamalara görə 1 trilyon kubmetrdən artıq qaz və 2 milyard barel kondensat ehtiyatı olan bu dünya səviyyəli yataq BP-nin 110 ildən çox davam edən fəaliyyət tarixində açdığı ən böyük qaz yatağıdır.

“Şahdəniz” layihəsinin üstünlükləri bununla bitmir. Bir ölkənin gələcəyini müəyyən edə və bir regionun enerji perspektivlərini dəyişdirə bilən çox az layihə var. “Şahdəniz” də onlardan biridir.

AÇG-dən sonra “Şahdəniz” Azərbaycanda ölkə iqtisadiyyatını daha da gücləndirmiş ikinci ən böyük birbaşa xarici investisiya gətirən layihədir. Demək olar ki, AÇG və “Şahdəniz” Azərbaycanın şanlı enerji liderliyi tarixində eyni dərəcədə rol oynayıb və ötən iyirmi il ərzində ölkənin və bütövlükdə regionun misli görünməmiş dirçəlişi, inkişafı və irəliləyişinə böyük bir təkan verib. Bu iki layihə birlikdə ölkənin tarixində yeni bir səhifə açıb, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaşadığı iqtisadi intibahın etibarlı təməlini qoyub.

“Şahdəniz”in 25 illiyi Azərbaycanın tarixində ilk dəfə onun enerji resurslarını birbaşa Avropaya çıxarmaqla da əlamətdardır. Azərbaycan dünya neft-qaz sənayesinin yarandığı ölkədir və iki əsrə yaxındır ki, dünyaya enerji ixrac edir, amma ilk dəfədir ki, Avropa bazarları ilə birbaşa bağlantısı var. Bu da Cənub Qaz Dəhlizinin başlanğıcı olan “Şahdəniz”in sayəsində mümkün olub.

AÇG və “Şahdəniz”in uğuru bu layihələrdə iştirak edən bütün tərəflərin və ən əsası Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin nailiyyətidir. Bunlar yalnız kollektiv şəkildə həyata keçirilə bilən dünya səviyyəli layihələrdir və yalnız Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin, SOCAR-ın, digər regional və Avropa hökumətlərinin, milli və beynəlxalq təşkilatların, tərəfdaş və podratçı şirkətlərin, icmaların və xüsusilə bir çox ölkələrdən keçən nəhəng Cənub Qaz Dəhlizi boyu tikinti işlərində iştirak edən on minlərlə insanın böyük səyləri sayəsində reallaşıb.

AÇG və “Şahdəniz”, həmçinin bütün maraqlı tərəflərə fayda verən və qarşıdakı uzun illər boyu böyük töhfələr verə biləcək ən uğurlu tərəfdaşlıq nümunələridir.

Sentyabrın 20-si Azərbaycan neftçilərinin və bu möhtəşəm layihələrin uğurla gerçəkləşdirilməsinə töhfə vermiş hər kəsin əməyini, böyük səylərini, fədakarlığını və əzmini bir daha minnətdarlıqla qiymətləndirməklə yanaşı, həm də Azərbaycanın uzaqgörən neft siyasətinin və hamıya nümunə ola biləcək beynəlxalq tərəfdaşlığının uğurlarını bayram etmək günüdür.

Bayramımız mübarək!
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed