Şrift:
Gorus-Qafan yolunun alternativi barədə İran səfirinin belə narahatlığı düşündürücü deyilmi?..
23.09.2021 [18:32] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Sanki o, səfir vəzifəsini yox, Ermənistanın baş naziri vəzifəsini icra edir”
İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri son günlər Gorus-Qafan yolunda yaranmış gərgin vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.

Səfir sözügedən ərazinin Azərbaycana məxsus olduğunu etiraf edib: “Sovet İttifaqının xəritələrinə əsasən, Ermənistandakı Gorus-Qafan yolunun iki hissəsi Azərbaycana məxsusdur. Lakin demarkasiya prosesi başlamazdan əvvəl nəqliyyat vasitələrinin sərhədi keçməsinə icazə verilməsi razılaşdırılmışdı. İndi isə, gördüyünüz kimi, bir neçə gündür Gorus-Qafan yolunun bəzi hissələrində Azərbaycan polisi və sərhədçiləri İran mallarını Ermənistana aparan sürücüləri saxlayır və onlardan müəyyən miqdarda gömrük rüsumu tuturlar. Azərbaycan xarici nəqliyyat vasitələrinin giriş və çıxışı üçün yol vergisi alır”.

Səfirin sözlərinə görə, səfirlik də daxil olmaqla, İran tərəfi problemin həlli üçün səy göstərir. Bununla belə o, alternativ yolun inşa ediləcəyini deyib: “Ona qədər isə Ermənistan hökumətinin Sünikdə (Zəngəzur) alternativ bir yol inşa edəcəyini gözləyirik. Bu, Tatev yolu ilə bağlıdır. İranlı sürücülər isə bu şəkildə təhlükəsiz və etibarlı şəraitdə yük daşıyacaqlar”.

Görünən odur ki, İran səfiri səlahiyyətlərindən kənara çıxaraq diplomatik normaları aşır. Onun alternativ yolla bağlı bu cür danışması qəribədir. Sanki bu, səfirə aid məsələ imiş kimi davranır. O baxımdan, Gorus-Qafan yolunun alternativi barədə səfirin belə narahatlığı düşündürücü deyilmi?

“İran bir daha öz simasını göstərdi”

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, səfir Abbas Bədəxşan Zohuri Ermənistanın baş naziri kimi danışır: “Sanki o, səfir vəzifəsini yox, Ermənistanın baş naziri vəzifəsini icra edir. Yolla bağlı səfirin bu cür açıqlama ilə çıxış etməsi onun səlahiyyətinə aid deyil. İran rəsmiləri çoxdan Ermənistanı öz “qardaşları” kimi qəbul ediblər. Bunu müharibədən əvvəl də, müharibə dövründə də gördük. Böyük həcmdə yüklər İran ərazisindən Ermənistana daşındı. Hər halda, İranın mövqeyi o qədər aydındır ki, bunu geniş izah etməyə ehtiyac qalmır. Alternativ yolun inşasına gəldikdə isə, bunu real saymıram. Çünki ərazi dağlıq olmaqla yanaşı, mürəkkəb relyefə malikdir. Bu da böyük vəsait tələb edir. Nə İranın, nə də Ermənistanın bununla bağlı vəsaiti var. İrana sanksiya tətbiq olunub, Ermənistan da müharibədə darmadağın olduğu üçün belə bir iqtisadi imkanı yoxdur. O baxından bu, o qədər də real görünmür. Bu bizi heç maraqlandırmır da. Fakt ondan ibarətdir ki, Gorus-Qafan yolunun 21 kilometri bizim ərazimizdən keçir. Onlar əraziimizdən istifadə etdiyi müddətdə yoxlamalar olacaq. Gorus-Qafan yolunun alternativi barədə deyilənlər həm daxili auditoriyaya hesablanıb, həm də pressinq məqsədi daşıyır. Fikrimcə, Azərbaycan diplomatlarının postmüharibə dövründə olan davranışlarında ənənəvi təmkin və qətiyyət davam edəcək. Biz heç kimə fikir vermədən öz işimizi görəcəyik. Bütün bu açıqlamaların fonunda biz gördük ki, bizim dostlarımız və düşmənlərimiz kimdir. Bu bizim üçün həm də avantaj oldu. Çünki çoxlarını inandıra bilmirdik ki, Azərbaycanın zəif düşməsində maraqlı olan dövlətlərdən biri də İrandır”.

Partiya sədri hesab edir ki, İran bir daha öz simasını göstərdi.

Vidadi ORDAHALLI/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed