Şrift:
İtaliyanın baş nazirinin adı insan alveri ilə bağlı şəxslərin siyahısında
31.10.2011 [15:51] - Xəbərlər
Berluskoni yetkinlik yaşına çatmamış mərakeşli qızla seksual münasibətlərdə olmaqda və onu fahişəliyə cəlb etməkdə ittiham olunur


Dövlət Departamenti İtaliyanın baş naziri Silvio Berluskoninin adını insan alveri ilə bağlı şəxslərin siyahısına daxil edib. Bu siyahı hər il dərc olunur və dünyanın 180 ölkəsindən əldə olunan məlumatlar əsasında hazırlanır: “2011-ci ilin fevralında hakimlər Mərakeşdən kommersiya xarakterli seksual istismar məqsədilə qızların gətirilməsində şübhəli şəxs kimi baş nazir Silvio Berluskoniyə qarşı ittiham irəli sürüblər”. Sənəddə qeyd olunur ki, şahid ifadələri Mərakeşdən gətirilmiş qızın insan alverinin qurbanı olduğunu təsdiqləyir. Bundan başqa Berluskoni uşaq fahişəliyi ilə əlaqədə ittiham olunur.

İtaliyanın müxalifət partiyası baş verən hadisəni ölkə üçün növbəti biabırçı təhqir kimi dəyərləndirib.

“Beynəlxalq arenada belə bir vizit-karta sahib olmaq İtaliya üçün biabırçılıqdır. Berluskoni sadəcə baş nazirdir, biz isə ölkənin bütün vətəndaşlarının dünya qarşısında biabır olması faktı ilə üz-üzəyik”.

Milan prokurorluğunun baş nazir Berluskoni ilə mərakeşli həddi-buluğa çatmamış, “Rubi” ləqəbli Kərimə əl-Maruğun seksual münasibətləri ilə bağlı təhqiqata başlaması barədə ilk xəbər ötən ilin oktyabrında peyda olub və böyük siyasi qalmaqalla nəticələnib. Xəbərdə “Rubi”nin Berluskoninin villasında keçirilən bir neçə ziyafətin iştirakçısı olduğu və baş nazirdən çoxlu sayda qiymətli hədiyyələr aldığı bildirilir.

Daha sonra mətbuatda Milan polisinin ötən ilin mayında Berluskoninin Kici Sarayındakı hökumət evindən edilən zəng əsasında “Rubi”ni azadlığa buraxması və Lombardiyanın vilayət müşaviri Nikol Minettiyə təhvil verməsi barədə materiallar dərc olunub. Baş nazir qızın azadlığa buraxılmasına dair xahişini “Rubi”nin Misirin o vaxtkı prezidenti Hüsnü Mübarəkin yaxın qohumu olması ilə əsaslandırıb. Baş nazir məhz bununla əlaqədar öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Silvio Berluskoni prokurorluğun ittihamları rədd edib və bildirib ki, bu ittihamlar sırf siyasi xarakter daşıyır və onun seçicilərin qarşısında alçaldılmasına xidmət edir. O yetkinlik yaşına çatmayan qızlarla seksual münasibətlərdə olmasına dair məlumatları da təkzib edib. Berluskoni bildirib ki, gənclərlə ünsiyyət saxlamağı sevir, qıza göstərdiyi maddi köməyi isə səxavətli olması ilə əsaslandırıb.

Hazırda bu cinayət işi ilə əlaqədar materiallarda Berluskoni ilə münasibətləri olan üç tanınmış şəxsin adı keçir. Bunlar tanınmış televiziya impressariosu Lele More, Berluskoniyə məxsus “Retequattro” telekanalının xəbərlər xidmətinin rəhbəri Emili Fede və əvvəllər baş naziri şəxsi diş həkimi olmuş Nikol Minettidir. Hər üç şəxsə qarşı yetkinlik yaşına çatmamış qızları fahişəliyə cəlb etmək maddəsi ilə ittiham irəli sürülüb.

Bari prokurorluğunun da Silvio Berluskoninin yerli sahibkar Canpaolo Tarantinini satın alması ittihamı ilə bağlı yeni araşdırmaya başlayacağı gözlənilir. İstintaq materiallarına əsasən, Berluskoni vasitəçi şəxslərin köməyi ilə Tarantiniyə 500 min avro pul verib. Baş nazir bu pulu sahibkara əvəzsiz olaraq verdiyini deyib, lakin müstəntiqlər hesab edir ki, pullar 2008-2009-cu illərdə Berluskoninin ziyafət məclislərində fahişələrin iştirakını təmin edən Tarantininin susması üçün verilib.

Bir çox yerli kütləvi informasiya vasitələri “Rubi işi”nin təhqiqatı zamanı Berluskoni ilə əlaqədar yeni qalmaqallı faktların üzə çıxacağına əmin olduqlarını vurğulayırlar.
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed