Şrift:
Düşmənlə əlbəyaxa döyüşən Vətən qəhrəmanı
28.09.2021 [11:17] - Xəbərlər, Sosial
Azərbaycan Ordusunun 20 yaşlı kiçik giziri İbrahimli Elməddin Milli Ordunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) Vətənə xidmət edib. Ötən ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Füzuli uğrunda döyüşlərə qatılan Elməddin oktyabrın 17-də döyüş əməliyyatını yerinə yetirərkən sinayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Elməddin İbrahimli 1999-cu ilin noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində doğulub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra XTQ-yə qəbul olunan Elməddinin ən böyük arzusu Qarabağı azad görmək olub.

Elməddin evin tək oğlu, 3 bacının 1 qardaşı idi. Ona olan ümidləri heç zaman boşa çıxarmayan Elməddin Vətənin müdafiəsi uğrunda silaha sarılmağı ən böyük məsuliyyəti hesab edib, Hadrut və Füzuli istiqamətlərində düşmənlə əlbəyaxa döyüşlərə qatılıb.

Prezident İlham Əliyev demişdi ki, Füzulinin alınması dərsliklərə salınmalı, haqqında əsərlər yazılmalıdır. Çünki Füzulidə düşmənin qurduğu istehkamları dağıtmaq üçün, doğrudan da, həm peşəkarlıq, həm də milli ruha böyük ehtiyac var idi. Ali Baş Komandanın “Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərəcək” sitatını Füzulidə təsdiqləyənlərdən biri də məhz Elməddin idi. Ən çətin istehkamları dağıtmaq, torpaqlarımızı azad etmək uğrunda düşmənlə əlbəyaxa döyüşmək üçün Elməddində həm döyüş bacarığı, həm də Vətənə sevgi, iradə və dözümlülük var idi.

Şəhidin anası Gülnarə İbrahimovanın dediyinə görə, Elməddin sonuncu dəfə hərbiyə yola düşəndə “anam da oradır, atam da” ifadəsini məhz Vətənin müdafiəsində durduğu soyuq səngərlər üçün demişdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elməddin İbrahimli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin diqqətdə saxlanılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın prioritet təyin etdiyi məsələlərdəndir. Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının təsdiqidir.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed