Şrift:
Türkiyə XİN: Minsk Qrupunda dəyişiklik edilməlidir
18.12.2012 [11:39] - Gündəm, Siyasət
Səlcuq Ünal: “Sürix protokollarını yenidən parlamentin gündəliyinə gətirməklə bağlı hər hansı təşəbbüsümüzdən söhbət gedə bilməz”

“ATƏT-in Minsk Qrupunda dəyişikliyə ehtiyac var”.

Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlcuq Ünal deyib. O, ATƏT-in Minsk Qrupunun tərəfsizliyini itirdiyini bəyan edib: “Türkiyəyə qarşı böhtan xarakterli qanun layihələrini parlamentində qəbul edən bir ölkənin Ermənistana münasibətdə bitərəf olmasından söhbət gedə bilməz, ona görə də Fransanın Minsk Qrupundakı üzvlüyünə yenidən baxılmalıdır. Rusiyanın da Ermənistanı dəstəklədiyi kimsəyə sirr deyil. Minsk Qrupunda İrlandiya kimi ölkələr də var, onlar da uzaqlaşdırılaraq Minski Qrupunun çevik və aktiv fəaliyyətinə nail olmaq lazımdır. Türkiyə bu işdə əlindən gələn hər şeyi obyektiv şəkildə etməyə hazırdır”.

2009-cu il oktyabrın 10-da imzalanmış Sürix protokollarının taleyi haqda sualı cavablandıran S. Ünal bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu ilin yanvarında qəbul etdiyi qərarla Sürix protokollarını şikəst vəziyyətə salıb: “Ona görə də bizim protokolları yenidən parlamentin gündəliyinə gətirməklə bağlı hər hansı təşəbbüsümüzdən söhbət gedə bilməz. Biz Azərbaycan torpaqlarının erməni işğalından azad edilərək bölgədə ədalətli sülh yaranması üçün xoş niyyətlə atılacaq hər addıma xoş niyyətlə qarşılıq verə bilərik, ancaq bunun üçün ilkin şərtlərin yerinə yetirilməsi lazımdır ki, bunun da başında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi gəlir”.

S. Ünal hazırda Ermənistanla birbaşa və ya vasitəçilər kanalı ilə hər hansı əlaqələrinin olmadığını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed