Şrift:
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti “Havana sindromu” səbəbindən Serbiyadan təxliyə edilib
30.09.2021 [10:27] - Gündəm, Sosial
ABŞ-ın “Wall Street Journal” nəşri Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Serbiyada fəaliyyət göstərən zabitinin “Havana sindromu” səbəbindən bu ölkədən təxliyə olunduğunu yazıb.

Birləşmiş Ştatların rəsmilərinə istinadla məlumat yayan nəşrə görə, bu, “Havana sindromu”nun Balkan ölkələrində ilk dəfə aşkarlandığı deməkdir.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Burns əvvəlki açıqlamasında idarənin təxminən 100 işçisinə “Havana sindromu” diaqnozu qoyulduğunu bildirmişdi.

“Reuters”ə görə, ABŞ-ın diplomat, hökumət və xüsusi xidmət orqanlarının təxminən 200 əməkdaşı və onların ailələrində “Havana sindromu”nun əlamətləri aşkarlanıb.

Xatırladaq ki, 2017-ci ilin yayında Kanadanın Kubadakı səfirliyinin işçiləri və onların ailə üzvləri “Havana sindromu” adı verilən qəribə sağlamlıq problemlərindən şikayət ediblər. Oxşar hal ABŞ-ın Kubadakı səfirliyinin 21 əməkdaşında da aşkarlanıb və rəsmi Vaşinqton 2017-ci ilin sentyabrında səfirliyin ikinci dərəcəli işçilərinin çoxunu ölkəyə geri çağırıb.

“Havana sindromu”nun miqren, ürəkbulanma, yaddaşın pozulması və başgicəllənmə kimi simptomlarının olduğu bildirilir. İlk dəfə Kubanın paytaxtı Havanada rast gəlindiyi üçün bu qəribə xəstəliyə “Havana sindromu” adı verilib.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed