Şrift:
44 günlük Vətən müharibəsi şanlı tariximizdir
30.09.2021 [10:56] - Gündəm, Mədəniyyət
Bir il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Bu fikirləri açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tarixi muzeyinin direktoru Gülmira Məmmədova bildirib. O vurğulayıb ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. İşğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri hər birimizdə qürur hissi yaratdı. Dövlətimizin başçısı 28 ildən sonra həmin ərazilərdə bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.

Qəsbkar ermənilərin onilliklər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Ərazinin elektrik təchizatı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının tapşırığına əsasən ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları da sürətlə tikilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrindən vacib hesab olunan hava limanlarıdır. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, Zəngilan hava limanının təməli qoyulub, Laçında isə inşaat üçün yer seçimi yekunlaşmaq üzrədir. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq.

O qeyd edib ki, Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa, yenidənqurma işləri ən yeni texnologiyalar əsasında sürətlə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Şuşaya səfəri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr bunu deməyə əsas verir. Bu, eyni zamanda, Qarabağın incisi olan Şuşanın tez bir zamanda tam bərpa olunacağı, sakinlərin öz dədə-baba ocaqlarında məskunlaşacaqları əminliyini də möhkəmlədir. Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından köçkün düşən soydaşlarımızın qayıdışının təmin olunmasıdır. 28 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir.

“Tarixi qələbəmizdən ötən müddətdə mədəni irsə, ənənələrə, dini mirasa həmişə böyük sevgi ilə yanaşan Heydər Əliyev Fondu Ağdamda, Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün açılış mərasimlərini reallaşdırıb. Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi keçirilib. Bu il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edib, 29 ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşılayıb. Şuşada Qarabağ hoteli, “Park” hotel, Şuşa Xalça Muzeyi, Şuşa Dövlət Rəsm Qalereyası binaları bərpa edilib. Ancaq bütün bunlar hələ başlanğıcdır, gözəl günlər hələ öndədir, bizi daha gözəl günlər gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik, dağıdılmış evlərimizi, məscidlərimizi bərpa edəcəyik”, - deyə G.Məmmədova fikrini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed