Şrift:
Rauf Zeyni: İşğaldan azad edilmiş ərazilərə dəyən ziyanın müəyyənləşdirilməsi üçün statistik məlumatlar toplanır
01.10.2021 [11:10] - Xəbərlər, İqtisadiyyat
Hökumət qurumları ilə birgə QHT-lər də işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılmış komissiyanın işində iştirak edir.

Bu barədə müsahibəsində Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Zeyni deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm qiymətləndirmə, həm də yenidənqurma işlərinə başlanılıb və proses uğurla davam edir. Erməni vəhşiliyi nəticəsində uzun illərdir Azərbaycanın iqtisadiyyatına, ekologiyasına, mədəni və tarixi irsinə milyardlarla dollar ziyan vurulub. Ermənistan zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırımı edib, bütün infrastruktur dağıdılıb, meşələr məhv olub. Hazırda isə dövlətimiz qədim Azərbaycan torpağı olan Qarabağı yenidən dirçəldir, bərpa edir.

“Bir müddətdir ki, müvafiq strukturlar tərəfindən Qarabağ bölgəsi üzrə statistik məlumatlar toplanır və bütün işğaldan azad olunmuş ərazilər üzrə Fəaliyyət Planı müyyənləşdirilir. Qeyd edim ki, erməni qəsbkarları tərəfindən işğaldan azad edilmiş ərazilərimizə vurulan ziyanın dəyərləndirilməsi ilə bağlı yaradılan komissiyada Qeyri-Hökumət Təşkilatlarından da mütəxəssislər fəal iştirak edirlər. Bundan başqa, Azərbaycan xarici beynəlxalq təşkilatların da bu məsələyə cəlb olunmasında, proseslərdə iştirakında maraqlıdır. Beynəlxalq təşkilatlar da ölkəmizə mənfur Ermənistanın nə dərəcədə böyük bir ziyan vurduğunu öz gözləri ilə görməlidirlər. Yəni, Azərbaycan Respublikası beynəlxalq məhkəmələrdə dəymiş ziyanla bağlı sənədləri təqdim edəndə təəccüblənməsinlər”, - deyə R.Zeyni vurğulayıb

Milli QHT Forumunun prezidenti, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar da QHT mütəxəssisləri kimi qiymətləndirmədə iştirak edərək mövcud vəziyyəti beynəlxalq standartlara uyğun dəyərləndirməlidirlər. Ərazilərimizə vurulan ziyanın dəyərləndirilməsində Azərbaycan zərər çəkmiş bir tərəf kimi təcrübəli, tanınmış beynəlxalq təşkilatların da nümayəndələrinin QHT-lərlə birgə komissiyada faktiki araşdırmada iştirakında çox maraqlıdır.

R.Zeyni ölkəmizə erməni qəsbkarları tərəfindən dəyən külli miqdarda ziyanla bağlı təzminatın müəyyənləşməli və ödənilməli olduğunu diqqətə çatdırıb. Dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək.

QHT Forumunun rəhbəri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası zamanı bütün mədəni-tarixi abidələrin özünəməxsusluğunun qorunub saxlanılması dövlətin xüsusi diqqət mərkəzindədir. Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış rayon və şəhərlər ən müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulur.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed