Şrift:
BBC-nin müxbiri Dağlıq Qarabağ münaqişəsindən yazır
18.12.2012 [14:26] - DAVAMın yazıları
BBC-nin xüsusi müxbiri Damien MgGuinessin Azərbaycandan hazırladığı reportaj doğmaları ermənilər tərəfindən qətlə yetirilmiş Əntiqə Qəhrəmanovaya həsr olunub. «Azərbaycan-Ermənistan: alışmaqda olan Dağlıq Qarabağ münaqişəsi» adlanan reportajda 80 yaşlı qadının 20 il keçməsinə baxmayaraq hələ də davam etməkdə olan əzab və ağrılarından bəhs olunur. Yazını oxucularımıza təqdim edirik:

Əntiqə Qəhrəmanova 20 ildir ki, onu doğma evindən didərgin salan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyir. Lakin «dondurulmuş münaqişə» adlandırılan problem nəinki öz həllini tapmır, əksinə Dağlıq Qarabağ uğrunda daha amansız bir müharibənin başlaya biləcəyi ehtimalı gündən-günə artır.
80 yaşlı Əntiqə Qəhrəmanovanın kiçik mənzilinin divarından dərhal nəzərə çarpan bir portret asılıb. Bu portretdən qara və kədərli gözləriylə boylanan gənc qız və oğlan Əntiqə xanımın övladlarıdır.
Əntiqə xanım 20 il öncə, Ermənistanla müharibə zamanı övladlarının başına gətirilən hadisəni danışanda daşlaşmış yanaqlarından göz yaşları süzülür: «Erməni əsgərləri oğlumu ağaca bağladılar və diri-diri yandırdılar. Onun naləsi bu gün də qulaqlarımda səslənir… Sonra qızımı başından vurdular. Məni isə dörd azyaşlı nəvəmlə birlikdə bütün bunları izləməyə məcbur etdilər…»
Əntiqə xanım əlindəki dəsmalla göz yaşlarını silib söhbətinə davam edir: «6 yaşlı qız nəvəmi də güllələyib öldürdülər. …Sonra digər qız nəvəmin dabanına güllə ilə vurdular. Deyirdilər ki, bizə dərs vermək istəyirlər».
…Əntiqə Qəhrəmanova sağ qalan 3 nəvəsi ilə birlikdə çox böyük çətinliklə ermənilərin əlindən qurtulub. Onlar dörd gün ac-susuz kolların arasında gizləniblər. Daha sonra qarlı yollarla nəvəərini təhlükəsiz əraziyə gətirib çıxara bilib.
…Artıq 20 ildir ki, Əntiqə xanım yarıuçuq sovet sanatoriyalarından birində, kiçik bir mənzildə məskunlaşıb. Məhz burada o, 3 nəvəsini böyütməyə nail olub. Yeganə arzusu doğma yurduna qayıtmaqdır: «İndi tək arzum öz torpağımda, doğulduğum yerdə ölməkdir. Mən sadəcə evimə qayıtmaq istəyirəm».
Təxminən 600 min azərbaycanlı, yəni əhalinin 7%-i Əntiqə Qəhrəmanovanın yaşadığı şəraitdə, keçmiş sovet məktəblərində, xəstəxanalarda, universitet binalarında ömür sürürlər. 6-7 nəfərdən ibarət ailələr ovuc içi böyüklükdə otaqlara sığınıblar… Bu evlərin əksəriyyətində hamam yoxdur. Bəzən yüzlərlə insana 1-2 çirkli, torpaq üzərində inşa edilmiş tualet düşür.
Erməni politoloqu Aleksandr İskərdəryanın dediyinə görə, Ermənistan əhalisinin təxminən 10%-ni Azərbaycandan gələn erməni qaçqınlar təşkil edir.
Hazırda tərəflər arasındakı ziddiyyətlər daha da dərinləşir. Böyük bir nəsil bir-birindən xəbərsiz, bəzən isə uydurma tarix əsasında formalaşıblar. Sərhədin o tayındakı insanlarla heç vaxt qarşılaşmayıblar.
İskəndaryanın sözlərinə görə, onun tələbələri üçün azərbaycanlılar təxminən Aydan gələnlər kimidir: «Onlar Böyük Britaniya haqqında daha çox bilirlər, nəinki Azərbaycan barəsində».
…Ziqzaqvari, hərbi mühəndis qurğuları və səngərlərlə müşaiyət olunan cəbhə xətti yüz kilometrlərlə uzanır.
Yaşadığım otelin bir neçə addımlığındakı üzüm tinglərinin arasından biz müşahidə edən erməni snayperlərini görmək mümkündür.
Hər iki tərəf atəşkəs sazişini imzalayıb, lakin rəsmi sülh müqaviləsi hələ də razılaşdırılmayıb. Sülh danışıqları dalana dirənib.
Əsgərlər təmas xəttində hər gün atışma olduğunu deyirlər. Hər iki tərəf atəşkəsin pozulmasına bir-birini günahlandırır.
Fakt isə bundan ibarətdir ki, son iki il ərzində təmas xəttində ən azı 60 nəfər öldürülüb. Azərbaycan tərəfdə əksər hallarda cüssəsiz uşağı, yeniyetməni xatırladan, yaxud 20 yaşa yenicə qədəm qoyan əsgərlərlə qarşılaşmaq olur. Azərbaycanlı əsgər İlham Məmmədov cəbhə xəttində xidmət etmək üçün çağırılıb. «Mən öz Vətənimə xidmət etməkdən qürur duyuram», — deyir İlham Məmmədov. 19 yaşlı azərbaycanlı çağırışçı artıq 8 aydır ki, cəbhə xəttində xidmət edir: «Hər gün, hər saat müharibənin başlamasını istəyirəm. Biz öz torpaqlarımızı erməni işğalçılarından azad edə bilərik».
O, bu sözləri ucadan desə də, əsəbi görünür.
Erməni snayperləri fasiləsiz olaraq Azərbaycan kəndlərinin sakinlərini hədəfə alırlar. Cəbhə xətti boyu, dağıdılmış evlərin fonunda uzanan sahələrdə iri və kiçik buynuzlu mal-qaranın qalıqları nəzərə çarpır.
Vəziyyətin hər an nəzarətdən çıxmaq təhlükəsi var. Analitiklərin qənaətinə görə, hər iki tərəf müasir silahlara sahibləndiyi üçün müharibənin yenidən alovlanması daha ağır nəticələrə gətirib çıxara bilər. Beynəlxalq Böhran Qrupunun təmsilçisi Lourens Şits deyir ki, hər iki tərəfdə İrəvanı və Bakını vura biləcək raket kompleksləri var: «Bu isə münaqişəyə nəhəng region dövlətlərinin cəlb olunması təhlükəsini yaradır».
Bu isə o dməkdir ki, bir tərəfdə HATO üzvü olan Türkiyə, digər tərəfdə isə Rusiya dayana bilər. İranla qonşuluq, Avropa üçün enerji mənbəyi kimi mühüm əhəmiyyət kəsb edən neft və təbii qaz amillərinin hərbi əməliyyətların başlanacağı təqdirdə ciddi nəticələrə gətirib çıxaracağı şübhə doğurmur.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed